Ah,bu şirin,acı dünya

Ah,bu şirin,acı dünya

I
Başımızın tacı dünya,
min dərdin əlacı dünya.
Kimlər səndən doyub getdi,
şirin dünya, acı dünya?
Ömrün qışı, yazı dünya,
alnımızda yazı dünya.
Səndən əziz nəyimiz var,
şirin dünya, acı dünya?

II
Arzuma yol açan dünya,
yoluma nur saçan dünya.
Nası oldum, heç bilmədim
ömrüm keçdi haçan, dünya!
Hər istəkdən uca dünya,
yolu daim haça dünya.
Gah dostumsan, gah düşmənim,
fəndgir dünya, qoca dünya.

III
Yoxdan var olan dünya,
boşalan, dolan dünya.
Kimsəyə vəfa qılmaz
sevgisi yalan dünya.
Sərvətim, malım dünya,
şəkərim, balım dünya.
Verdiyini almasa,
əl çəkməz zalım dünya.
Əzəl dünya, baş dünya,
dost dünya, qardaş dünya.
Bizi naz-savaşıyla
salıbdı çaş-baş dünya.
Gedənə sirdaş dünya,
gələnə qardaş dünya.
Əcdadımı qocaldan,
balamla həmyaş dünya.

IV
Ah dünya, aman dünya,
son ümid, güman dünya.
Qoynunda zəiflərə
yeri olmayan dünya.
Bir yaşıl yarpaq dünya,
aşkar, çılpaq dünya.
Əvvəli torpaq dünya,
axırı torpaq dünya.
Zülmət dünya,nur dünya,
odun yansın gur, dünya.
Arzu səndə, kam səndə,
yaşa, dünya, dur, dünya.

V
Yüz ildən çox yaşayardıq cahanda,
görməsəydik kəc işini dünyanın.
Düzəltməyə çalışanlar bir az da
əyri saldı gərdişini dünyanın.
Gah ucaldıq zirvələrə, gah endik,
zülm etməyi zəfər sandıq,sevindik.
Fironluqla, fatehliklə öyündük,
dağıtdıqca keçmişini dünyanın.
Hər ömürdə sevinci var,qəmi var,
ağrısı var,nəşəsi var,dəmi var.
Biz olmasaq, kim duyacaq,kimi var,
gəlişini, gedişini dünyanın?
Yaddaşında nə sən yoxsan, nə mən yox,
hansımızı nə gözləyir,bilən yox?
O dünyadan hələ ki, bir gələn yox
öyrətməyə yerişini dünyanın.
Ancaq nə qəm,məhvərindən sapınmaz,
zərrə qədər nə əyilməz, nə sınmaz.
Çaldığına oynamayan tapılmaz
hərdən namərd, hərdən kişi dünyanın.

VI
Dünya bizə arzuların təməli,
dünya bizə xəyalların fəzası.
Kaş həmişə xoş niyyətlə tən gələ
hər bir bəşər övladının rizası.
Dünya bizə ümid dolu bir məkan,
dünya bizə duyğumuzda bal dadır.
Dünya bizi öz oxunda fırladan,
dünya bizi gərdişində aldadır.
Dünya bizim cismimizin sahibi,
dünya bizim ruhumuzun həkimi.
Olur, hərdən nəşəsindən dadmamış
gəlir ömrün qəfil xəzan tökümü.
Dünya bizə özü boyda bir hikmət,
dünya bizə bir ömürlük hekayət.
Dünya bizi bizdən sonra yaşadan
görünməyən axirətdi... Ya qismət!

Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
Top