Hamının üzü içindədir...

Hamının üzü içindədir...

Sifətlərə inanmayın,
Hamının üzü içindədir.
Gözlərə çox aldanmayın,
Gözlərin gözü içdədir...

 

Deyəndə mənə toxunur,
Ki, hər şey gendən oxunur.
Dili çöldədir çoxunun,
Amma ki, sözü içdədir...

 

Qardaşsa da şərlə xeyir,
Bu onu, o bunu yeyir,
İblis düşmən qorxunc deyil,
Əsl iblisim içdədir...

 

Daim tənha, təkdir insan,
Şeytandır, fələkdir insan,
Zahirdən mələkdir insan,
Yırtıcı nəfsi içdədir...

 

İkidir hər şəxsin özü,
Qoy özünə baxsın özü,
Daxildədir əslin üzü,
Yalanı, düzü içdədir...

 

Nəşəni meydə gəzməyin,
Əlifi beydə gəzməyin,
Allahı göydə gəzməyin,
Allahın özü içdədir...

Müəllif: Cabir Novruz.

Top