Bayquş istəyi

Bayquş istəyi

Quşların içində bayquşdan yoxdu,
bayquşun quşlardan fərqi çox çoxdu.
Ayrı bir düşüncə gəzər başında,
gizli dünyası var lal baxışında.

Səsindən vahimə, dərd yağar hər dəm,
dimdiyi yırtıcı, caynağı möhkəm.
Gündüzlər oturub tökər yüz tədbir,
gecələr ovlayar ovunu bir-bir.

Heç quşa bənzəmir qulaqlı bayquş,
bu vəhşət, fəlakət soraqlı bayquş.
Bayquşun əlindən hamı bezardı,
bayquş qonan yerlər xarabazardı.

Bu bayquş xisləti, bayquş “mənliyi”
yaratmış nə qədər viranəliyi.
Hərdən ürəyimdən keçir min fikir,
bəzi insanlar da bayquş kimidir.

Onlar seçilirlər çox işi ilə,
baxışı, duruşu, yerişi ilə.
Istəməz yanında yana bir ocaq,
özünü düşünər, özünü ancaq.

Kimsə faydalanmaz bir əməlindən,
həzər ətrafından, həzər əlindən.
Yayınmaz gözündən bir qoca, cavan,
tutar aram ilə hamıya divan.

Beləsi yerinə, yurduna yaddı,
bu manqurt soylular Vətəni satdı.
Onları saxlamaz dad, fəryad səsi,
onlara kar etməz xalqın naləsi.

Kütlənin dərd-səri çıxar yadından,
ancaq tələbləri millət adından.
Qayğıdan danışar daim, hər yerdə,
qəzetdə, mitinqdə, işdə, efirdə.

Beləcə özünü ixtiyar bilər,
ixtiyarlığıyla bəxtiyar bilər.
Bu cür xarakterlə bayquş xisləti,
oxşar bir-birinə, seçilməz qəti...

Daha yox inamım sözünə, bayquş,
yetər vurğunluğun özünə, bayquş!
Sən yana bilməzsən halıma, bayquş,
barı göz önündə ulama, qayquş...

Bayquşun istəyi ayrı istəkdi,
bayquşun xisləti ayrı xislətdi.
Bayquşun duruşu ayrı duruşdu,
bayquşun uçuşu ayrı uçuşdu.
Ancaq neyləyəsən,
bayquş da quşdu!

İyul, 1999
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
Top