İt ili itləri millət tanıdı,
bu itlər bir ucdan artar, küçüklər.
Daha günümüzün qəhrəmanıdı
arxalı köpəklər, dəcəl küçüklər.
Dolub dəbdəbəli imarətlərə,
gəzişir parklarda, gur meydanlarda.
Keçir hər qapıdan, girir yüz yerə,
əcəb bəxt var imiş bu heyvanlarda.
Çoxu gözətçilik eləmir daha,
xidmət edəni var, rahat yeri var.
Bu itlər bir atdan, öküzdən baha,
çünki çox imkanlı sahibləri var.
Öyrənib tərəfkeş sahiblərindən
itinə diqqəti qohumbaz itlər.
Qaydasız işlərə meyllidirlər
qanundan qorxmayan nataraz itlər.
Hərdən düşmən qədər qəddar, acıqlı,
hərdən canavartək qüvvətli olur.
Hərdən sahibindən daha ağıllı,
hərdən yiyəsindən qiymətli olur.
Bu itlər əməlli güc yiyəsidir,
bu itlər yetərli söz yiyəsidir.
Bu itlər indi də küçüklərini
çalışıb hər yerdə birinci edir.
Bu qoca köpəklər əməlləriylə,
dəcəl küçükləri yoluxdururlar.
Dəcəl küçüklər də it dilləriylə
hürüb sataşırlar, göz qorxudurlar.
Dərsdə müəllimi saya salmırlar,
işdə müdirləri onlardan “kiçik”.
Heç kim cürət edib birinə demir,
– özünü farağat apar, ay küçük.
Bu dəcəl küçüklər xəncər-bıçaqlı,
bu şıltaq küçüklər silah-sursatlı.
Gecələr şəhərin küçələrində
onların əlindən yoxdur rahatlıq.
Bezdirir milləti sərgüzəştləri,
hər biri gündə bir oyun çıxarır.
Bürüyür atışma səsi şəhəri,
ancaq bir sədası “qalxmır yuxarı”.
Odur bir kimsədən qorxuları yox,
köpəkdə arxa var, küçükdə yiyə.
Hansının üstünə qabarsan bir yol,
cumub, diri-diri adamı yeyər.
Küçük arxasında köpək durursa,
hələ qabaqda çox dərd-sərimiz var.
Tənbeh anlamında kötək durursa,
demək görəcəkli günlərimiz var.
Qorxmazı, sınmazı sındırmaq üçün
bu itlər növbənöv plan cızırlar.
Neçə elmarlara, eynullalara,
mirzə sakitlərə.., tale yazırlar.
Xətrinə dəyəni çeynəyib didər,
bunlar içimizdə bir azardılar.
Əgər yaşasaydı, bu quduz itlər
Mirzə Cəlilə də diş atardılar...
Bir qrup dəcəl it-küçük yiyəsi,
bir qrup yaxasın çəkir qırağa.
Yoxdursa ortada bir söz yiyəsi,
çətin, gedə bilək bu cür qabağa.
Arxalı köpəklər ev yıxır indi,
yiyəli küçüklər yol kəsir indi.
Kimdir səni, bu cür sındıran, əyən,
kimdir, a millətim, a xalqım, kimdir?
Mart, 2008
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008