Bir müasir xanıma | Fəxrəddin Ziya

Bir müasir xanıma | Fəxrəddin Ziya

Sən çox ağıllı xanımsan,
özünə məxsus məntiqin, savadın.
Ağzından çıxan hər sözün lətif,
ətrafında istəyənin çox.

Sən əcəb cazibədar qadınsan,
gözlərin, baxışların mənalı.
Bədənin ağappaq, barmaqların zərif,
əndamın mərmər sürahi, gövdən şux.

Sən həm də sehrli gözəlsən, yəqin
bu işvə - nazınla, şirin sözünlə
neçəsini salmısan ovsuna.
Hələ neçəsi də bundan sonra
əyilib əlindən öpər iznlə,
qarşında diz çöküb yalvarar, sınar.

Sən hələ çox duyğulu kişilər üçün ağrısan,
dərmanını istəyəcək səndən
hansının ürəyini ağrıtsan.

Sən hələ gizli ümid, arzu yerisən,
qəlbini verəcək sənə
kimin istəyini doğrultsan.

Sən ey ədalı, cilvəli gözəl,
inan səmimiyyətimə.
Bax, sən mənim gözümdə busan
və zənnimcə, can alsan da, əfsus,
ancaq və ancaq gözəllərə məxsus
doğru yoldasan.

Aprel, 2007
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
Top