Qoşulub qaçan qıza | Fəxrəddin Ziya

Qoşulub qaçan qıza | Fəxrəddin Ziya

Daş doğaydı anan səni doğan yerdə, qaçan qız,
gəlməyəydi bu dünyaya səndən bir də, qaçan qız.

Bu nə müdhiş xəbər idi yayıldı el-obaya,
bu nə acı zəhər idi içirtdin dost-doğmaya.
Öz evinə, ocağına dönük çıxdın, olmaya?
Atan çəkən ağrıları biləydin, kaş qaçan qız,
bu addımı atanacan öləydin, kaş qaçan qız.

Necə qıydın xar etməyə qardaşını, atanı,
kim bağışlar atasını yad oğluna satanı?
Səndən ötrü bütöv bir el xəcil olub utanır.
Nəyə görə atdın bizi bu alova, oda, qız,
qovrulasan iztirabda, görəsən yüz qada, qız.

Bu sayaqmı anladın sən öz övladlıq haqqını,
övladın da varmış pisi, nanəcibi, satqını.
Qara gəldi gözümüzə, qara gəlsin ağ günün,
ömrün boyu gözü yaşlı görünəsən, qaçan qız,
ağ duvaq yox, ağ kəfənə bürünəsən, qaçan qız.

Sevinirdik böyüyürsən, boya-başa çatırsan,
sənli keçən ömrümüzə şirin qayğı qatırsan.
Nə biləydik, qəfil bizə ləkə vurub atarsan,
bu ləkəli əməlindən xəcalət çək, utan qız,
namus, qeyrət günahının çirkabına batan qız.

Xeyir görməz, atasından xeyir-dua almayan,
valideynin ürəyində məhəbbətlə qalmayan.
Böyüdüyü od-ocağa sədaqəti olmayan
sədaqətli ola bilməz ər evində, qaçan qız,
bir qəpiklik dəyəri yox bu sevginin, qaçan qız.

Gör, nə qədər arzuları, ümidləri puç etdin,
ruhumuzu yaraladın, duyğumuzu heç etdin.
Sən bizimçün harasa yox, məzarlığa köç etdin,
hamımızın qürurunu sındırmaqla sınan qız,
gəlib sənin qəbrin üstə saç yolaydı anan, qız.

Daha bizdən qayğı umma, ya məhəbbət gözləmə,
uçurtdun o körpüləri, hörmət-izzət gözləmə.
Unut ata ocağını, ordan diqqət gözləmə,
birdəfəlik silinibdi sənin orda yerin, qız,
gözdən, könüldən uzaq ol, bizə əzab verən qız.

Daş doğaydı anan səni doğan yerdə, qaçan qız,
gəlməyəydi bu dünyaya səndən bir də, qaçan qız.

Avqust, 2006
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
Top