5 qız atası haqqında ballada

5 qız atası haqqında ballada

5 qız böyüdüb ərsəyə çatdıran valideynin yeri cənnətdir.
Məhəmməd (s.a.v.s) peyğəmbər.

Cavan ailənin bir qızı oldu,
övladın nə qızı, nə oğlanı – dedilər.
Sevinib şadlandılar, ziyafət verdilər,
adını da Sevinc qoydular.
Ata isə xəyalında oğlan gözləyirdi,
ürəyində də nə qədər adlar gizləyirdi.

Amma hadisəni qabaqlamaq ona düşmədi.
3-4 ay keçdi, uşaq qığıldamağa başladı,
ata onu əzizlədi, nazladı, oxşadı.
Günbəgün uşağa məhəbbəti artdı,
bu “balaca şeytan”
atanın başını əməllicə qatdı.

Aylar ötdü, Sevincin bir yaşı oldu,
o yeridi, oynadı, çağırışa gəldi.
Evə gəlib-gedən onunla əylənməyi
ən yaxşı istirahət bildi.
Ailə artıq 2-ci uşağı gözləyirdi.
Bir azdan o da doğuldu, – yenə də qız.
Ata daxilən əsəbiləşdi,
ana doluxsundu,
özlərində olmadılar bir müddət,
fikirləşib, uşağa iki ad qoydular,
sənəddə yazdırdılar Səadət,
evdə isə çağırdılar Kifayət.

Ötdükcə günlər, həftələr
Yavaş-yavaş bəsləndilər körpələr.
Ata da dəyişirdi, öyrəşirdi birtəhər,
qızlarına sevgisi artırdı saatbasaat,
yenidən öz məcrasına düşürdü həyat.
Beləcə iki il də ötdü,
Atanın nigarançılığı elə bil keçib getdi.
Bu uşaq da böyüdü, yeridi, dil açdı,
ata hər işdən gələndə, qabağına qaçdı.
Qollarına söykənib öpdü o üzündən, bu üzündən,
bu şirinliyi ilə atanı asılı etdi özündən.

Elə ki, ana 3-cü uşağa hamilə qaldı,
Atanın ürəyini vahimə aldı:
– Birdən olmadı belə, oldu elə?
Qorxdu 3-cü qız sözünü gətirməyə dilə.
Ancaq deyəsən ürəyinə dammışdı atanın,
eyni fikirlə hər gün dalağı sancırdı ananın.
Hər dəfə bu hissə qapılanda, daxilən sınırdı.
Yatmırdı gecələr fikirdən,
kimsəyə demədən iztirab çəkirdi.
Amma nə çıxar bu sayaq möhnətdən,
qaçmaqmı olur Tanrı verən qismətdən?

Vaxt gəlib yetişdi, bu uşaq da doğuldu qız,
ata düşündü ki, vəssəlam,
qaldım oğulsuz, kimsəsiz,
ana düşündü ki, oldum urvatsız,
qızlarım qaldı arxasız – qardaşsız.
Bu dəfə açıq büruzə verdilər hisslərini.
Qınadılar o ki var, özlərini.
Kədər yağışı bürüdü gözlərini.
Ata oldu pəjmürdə, ana qaldı halsız,
daha ayrı bir söz , ya hərəkət mənasız.

Keçdi üç-dörd gün, hər ikisi toxtadı,
neyləsinlər, bu da onların bəxtidi.
5 gündən sonra ata bir dəstə gül ilə
çıxardı xəstəxanadan xanımını şirin dil ilə.
Eə ki, ana gəlib qapıya çatdı,
iki gül bala özünü onun qucağına atdı.
Bu görüş necə də şirin, necə də dadlı.
Ana büsbütün acı fikirlərini unutdu.
Doğrudan da nə fərqi,
qız da, oğlan da övladdı.

Bu bir Tanrı payıdırsa, neyləməli, heyhat,
günlər keçdikcə öz axarına düşürdü həyat.
İllər sanki bir göz qırpımında ötdü,
Sevinc böyüyüb məktəbli yaşına yetdi.
Başında yeni qayğılar – kitab, qələm, dəftər ...
Ata hamısını alıb gətirdi, müxtəsər.
Qolundan tuturaq ilk dəfə
apardı Sevinci məktəbə.
Şagirdlər sinifə yığılan zaman
atanın gözlərinə doldu boz duman.
Sinifdəki uşaqların 5-i qız, 13-ü oğlan,
hamısı da şipşirin, yaraşıqlı, sağlam.

Aşkar bir həsəd bürüdü üzünü,
içində qınadı o ki var, özünü.
Yox, oğlum olmasa, ölərəm – düşündü,
mən bu cür yaşaya bilmərəm – düşündü.
Evə qayıdarkən yolda kövrəlib ağladı,
istəyini yenidən ümidə bağladı.
Yoldaşı nisgil dolu istəklə ərinə baxdı,
hər ikisinin gözündən yaz yağışı axdı.
Allahın mərhəməti də var – fikirləşdilər.
Bizə də bir oğlan bağışlar – fikirləşdilər.
Neçə nəzir-niyaz boyun oldular,
neçə pir-ocaq yolunda qaldılar.
Nə qədər əlavə işlər görüldü...
Yenidən hamiləliyə rəvac verildi...

Günlər yavaş-yavaş ötüşürdü,
növbəti doğuşun vaxtı yetişirdi.
Axır günlər gözlərinə getmirdi yuxu,
ürəklərində ümid, intizar, qorxu.
Şübhə dolu bəlkələr üzsə də hər birini,
amma heç biri açıqlamaq istəmirdi dərdini.
Ata nikbin notlarla çalışırdı keçirə birgə vaxtını,
pozmaq istəmirdi hamilə xanımının ovqatını.
Nəhayət bütün gözləmələrin sonu yetişdi.
Doğum otağından xəbər gəlincə,
atanın ürəyi şişdi.
Ana biləcək peşmançılıqdan səsi batdı.
bu ağrı çoxunun qəlbini qanatdı.
Atanın üzünə görünməyə bir kimsənin
cürəti çatmadı,
tibb bacıları çölə ötürməyə
söz tapmadı.
İçəridəki insanların “laqeydliyindən”
qohumların rəngi solurdu,
ataya yavaş-yavaş hər şey aydın olurdu.
Ananın bu dəfə əkiz qızları olmuşdu,
atanın bu dəfə sanki əzizi ölmüşdü.
İndi haranın külünü töksünlər başlarına,
gücləri çatacaqdı acı göz yaşlarına?

Ana ağlayırdı: – Beş qızı doğdum hansı ağılnan?
Ata ağlayırdı: – Niyə Allahım mənə qıymadı bir oğlan?
Bütün qardaş-bacılarımın var bir neçə oğlu, qızı,
bütün dost və qonşularımın 2 oğlu var, ən azı.
Nadirin 2 qızı var, 3 oğlu,
Adilin 4 qızı, 2 oğlu.
Akifin 1 qızı, 4 oğlu.
Məhəmmədin, düz beş oğlu.
Mənim isə bundan sonra ruhum ölü, sinəm dağlı,
fikrim bədbin, yolum bağlı!
Bundan sonra çətin yaşaya biləcəyəm,
beş qızı kimə tapşırıb öləcəyəm?
Tabutumun altına kimlər girəcək,
məzarımın üstünə kimlər gələcək?
Partlasın gərək mənim kimisinin ürəyi,
olmadı həyatımın zərrə qədər dəyəri.

Ata daha əndazəsiz giley-güzar edirdi,
ata indi küfrə bərabər sözlər deyirdi.
Ata artıq anlamırdı nə dediyini,
odur ki, hətta Allaha bildirirdi öz gileyini.
Elə bilirdi dünyanın ən bədbəxti odur,
elə bilirdi indi ən acı zəhəri udur.
Unutmuşdu yeganə övladı şikəst,
Süleyman peyğəmbəri,
unutmuşdu bir oğula həsrət
Məhəmməd peyğəmbəri.
Unutmuşdu övladları erkən ölən min-min valideynləri,
unutmuşdu illərlə həkim-dərman yolunda qalan,
övlada həsrət neçə arvadı, əri.
Cavan ikən qocalan, saçlarında ağ zolaqlar görünən,
ətrafından utanan, doğmalardan utanan
neçə nisgilli, nigaran natamam ailəni
unutmuşdu bu zavallı insan.

Beləcə, ata bir neçə ay özündə olmadı,
ağrıdı, üzüldü, canında taqəti qalmadı.
Sanki bütün ruhu, sevinci ölmüşdü,
ata indi qaradinməz bir adam olmuşdu...
İllər nağıl dili ilə ötüb keçirdi,
bacılar “Qızlar bulağından” su içirdi.
Oxuyub məktəb bitirdilər, həkimlik öyrəndilər,
valideynləri onlarla hər yerdə öyündülər.
Ağıllı, tərbiyəli, işbilən, savadlı,
ata bu cür övladlarla başı uca, urvatlı.
Nə qədər oğul atası var, övladından narazı,
nə qədər oğul atası var,
oğlunun bir xoş xəbərinə tamarzı?

Ata hər xəstələnəndə başının üstünü alırdı
beş mələk,
hamısının üzündə nur, əllərində isti,
ürəyində şəfqət.
Biri masaj edir, biri iynə vurur, biri dərman içirirdi,
ata bu qızlarla nə qədər xoş hisslər keçirirdi.
Ata qızlarına səadət, sağlam ailə diləyirdi,
ata yavaş-yavaş onları yerbəyer eləyirdi.
Ailə böyüdükcə qohumlar da çoxalırdı,
zaman ötdükcə ata da qocalırdı.
Artıq qızlarının hamısı oğullu, qızlı.
Nəvələr şipşirin, şıltaq, dəcəl, nazlı.

Ata indi əvvəlki arzularını yaşayırdı.
Ata köksündə sevinc dolu ürək daşıyırdı.
Tanrının mərhəməti nur saçmışdı üzünə,
dünya başdan-başa gözəl görünürdü gözünə.
Hər günü dua ilə, şükranlıqla başlayırdı,
hər gün nəvələri onu, qol açıb qarşılayırdı.
Doğru imiş Rəbbin səbrinin 40 ilə qədər olmağı,
bəndə də gərək görə bilsin 4-5 addım uzağı.

Ata indi topdağıtmaz tifaq qurmuşdu,
ata böyük bir ailənin başında durmuşdu.
Ata arzu bağçasından çələng hörmüşdü,
Bu 70 ildə, yaxşı-pis, dünya görmüşdü.
Əsla deyildi həyatından narazı,
Çünki çiçək açmışdı, hər arzu-murazı.
Atanın uçmağa bir çatmırdı qanadı,
Inşallah, müstəcab olmuşdu hər muradı.

Yanvar - İyun, 2007
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
Top