Dərd eləmə,dərdin alım | Fəxrəddin Ziya

Dərd eləmə,dərdin alım | Fəxrəddin Ziya

Hərdən diqqətsiz anımı
dərd eləmə, dərdin alım.
Istəsən, verrəm canımı,
dərd eləmə, dərdin alım.

Oğrun – oğrun, xumar – xumar
hər baxanda içim yanar.
Tək mənəmmi qəlbi qübar,
dərd eləmə, dərdin alım?

Ək şamama tağlarını,
çağır qəmsiz çağlarını.
Viran olmuş bağlarımı,
dərd eləmə, dərdin alım.

Hər ömrün öz qışı, yayı,
qınama çox ili, ayı.
Qismətimə düşən payı,
dərd eləmə, dərdin alım.

Qırma hələ gümanını,
gözlə haqqın zamanını.
Gözümdə qəm karvanını,
dərd eləmə, dərdin alım.

Yazıq gördükcə milləti,
dedik – Məhəmməd ümməti.
Tanrı bilən məsləhəti,
dərd eləmə, dərdin alım.

Arzu gözümdə qaxsıdı,
ümid qəlbimdə axsadı.
Bəlkə də belə yaxşıdı,
dərd eləmə, dərdin alım,
dərd eləmə, dərdin alım.

Mart, 1998
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
Top