Unudulmaz xatirən

Unudulmaz xatirən

UNUDULMAZ XATİRƏN

Bu şəhərə yağışlar yağmayır əvvəlkitək
Ağlamayır buludlar sənin gözlərin kimi
Dostlarım, yoldaşlarım hey çağırırlar məni
Bir səslə, bir avazla sənin sözlərin kimi
Onlar məni çağırır
Bizlərə nəğmə deyən damlaların altında
Dərtlərə həmdəm olaq
Gəl sən də gəl, qoşul bizə dəm olaq
Nə olar!?
Dünya fanidir mənim əziz dostlarım
Lazım olsa biz ölək, ürəklərdə qəm olaq
Sevinc olduq ürəklərdə, qisas olduq, kədər olduq,
Ona buna ağıl qoşub illər boyu hədər olduq
Gəl çıxaraq səsimizi
Gəlin yazaq divarlara
Biz qurtarmaq istəyirik ölkəmizi
Qaldıraq əllərimizi
Mənim körpə əllərim şəhid tabutlarını örtən bayrağa dəydi
Bərkidi, qəddarlaşdı
Rəqiblərə atılan qaba daşlara dəydi daha da qabalaşdı
Daha da kobudlaşdı
Kobudlaşdıqca onlar məni məndən ayırdı
Bir vaxt əllərin içrə əriyən o körpə əllər
Sanki mənə yadlaşdı
Özüm özümü tanımadım
Unutdum öz kökümü
Yığdım bütün dərdimi, qəlbimdəki yükümü, beynimdəki yükümü
Mən böyük bir çantaya
Yola düşdüm səfərə
Bəlkə mən ziyandayam
Bəlkə bu yol aparır şanlı, parlaq zəfərə
Sənlə məni ayıran həmin yol ayrıcında bir dəqiqə dayandım
Dünya döndü gözümdə
Məni sanki kim isə məcbur edib saxladı
O ayrılıq yerindən xatirələr çağladı,
Mənə son dəfə baxmış yaşlı gözlər çağladı
Doğma sözlər çağladı
Qar üstündə hələ də səni qarda yaşadan ayaqlarından düşmüş bəyaz izlər çağladı
O hamar yollar sanki bir az da hamarlaşdı
Mənə dua edirsən, eşidirəm səsini
Soyuq külək gətirir mənim qulaqlarıma o isti nəfəsini
Belə deyil ey dilbər
Həyat keşməkeşlidir
Qayıtmaz səfərlər var,
Hələ qabağımızda nigaran və xəbərsiz, könlü dağlı illər var
Yağışlı bir havada dayanıb səkilərin islanmış kənarında
Kimisə gözləyirsən
Əlində nəmli çətir
Üzərindən damlalar o məsum bənizinə süzülərək səpilir
Bu isti fəsildə sən gözləmirdin küləyi
Gül əlini bıçaqtək kəsən iti soyuğu
Gördünmü nazlı dilbər ömrə əsdi küləklər
Sovuraraq apardı bütün arzularını
Bir vaxt məni aparan soyuq və iti yellər
Tələsdin ya tələsmədin sən artıq islanmısan
Həyatın yağmurunda qəlbi boş qala-qala çürüyüb paslanmısan
Bu aciz əlimizdən nə gəlir ki ey afət
Nə olsun ki, dünən mən səninlə həmdəm idim
Tək deyildim, səninlə mən cəm idim
Bağçanızdakı güllər yenə də ətirlidir
Lakin o vaxt səninçün onu dərən mən idim
Çox şeylər yer dəyişdi
Bəs nə oldu?
Yumruqları birləşdirən kor inqilablar oldu
Güllələnənlər oldu,
Əsirlikdən qayıdanlar, orada qalanlar oldu
Amma biz dəyişmədik
İgid, qorxaq, satqın, mərd millətin uşaqları
Yenə həmin Şahtaxtinski köhnə tin uşaqları
Qəlbimin o yumşaq, o romantik ahəngi
Gün keçdikcə dəyişdi
Sərtləşdi vaxt keçdikcə
Eşq suyuyla bəslənən könlümün çiçəkləri
Kədər suyu içdikcə
Səhrada susuz qalan tikanlara bənzədi
Boruda uşaq boğan insanlara bənzədi
Qocalıq üzdən deyil ürəkdən başlayır
Ürəyim qocalırsa qocalıram demək mən
Dəyişməyən bircə şey sənsizlik adlı kəlimə
Bir də məndə yaşayan unudulmaz xatirən…

Müəllif: Rəfsan

Top