Ayırır bizləri hər keçən zaman,
Ayrı yuvalarda dərd çəkəcəyik.
Üzümüzü göz yaşı isitdiyi an,
Yad olan qollarda üşüyəcəyik.
Gülən gözlərimiz yaş gətirəcək,
Titrək əlimizlə gizləyəcəyik.
Gələn hər bir sevgi qış gətirəcək,
Yad olan qollarda üşüyəcəyik.
Küsülü də olduq, hicran dadmadıq,
Neçə payız gördük, yenə solmadıq.
Soyuq gecələrdə qaldıq, donmadıq,
Yad olan qollarda üşüyəcəyik.
İkimiz bir şamıq, sapı sevgimiz,
Möhkəm də sarılsaq, əriyəcəyik.
Nə qədər isti də olsa evimiz,
Yad olan qollarda üşüyəcəyik.
Oyuncağı alınmış bir uşaq kimi,
Özgəylə görərsək, kövrələcəyik.
Ünvanı səhv düşmüş çiçəklər kimi,
Yad olan qollarda üşüyəcəyik.