Danışdıq, barışdıq mərhəmətinən,
İnciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manatınan,
Namusu qeyrəti atma, hayıfsan!
Mövlan məni nərəzindən salmayıb,
Huşum cəmdi, ağlım heç azalmayıb.
Fani dünya Süleymana qalmayıb,
Oyan bu qəflətdən yatma, hayıfsan!
Siz təraş eylərsiz iynə-bizinən,
Bizimkidə gəlib gedər sözünən.
Əyri ol əyriynən, düz ol düzünən,
Hər yetəni sən aldatma, hayıfsan!
Düşəndə məclisə, ağır yığnağa,
Mana hörmət qoyur irəncbər, ağa...
Söz uzansa, həcv çıxar qurşağa,
Sözün dalın çox uzatma, hayıfsan!
Qəsəm olsun xudkeşlərin sərinə,
Yalan söz iyidi salar dərinə,
Köhnə dağarcığı tumaş yerinə,
Aşıq Ələsgərə satma, hayıfsan!