Şəhərin ən qoca fahişəsinə

Şəhərin ən qoca fahişəsinə

Görmüsən dünyanın min cür üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə ?
Bir qarın çörəkçün hər gün özünü,
Qucaqdan qucağa atan gözəlçə-
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi...
Hardandı boyalı dodaqlarında,
Bu oğraş qəhqəhə, fahişə gülüş?
Sırğa olmayıbmı qulaqlarında,
Sərxoş kişilərin söydüyü söyüş?

Bəlkə də nə vaxtsa sən də sevmisən, 
Səni də yandıran odun olubdu,
Yaxının olubdu, yadın olubdu?
Nikotin qoxulu, şampan köpüklü
Gümüş bilərzikli, qızıl üzüklü,
Sənintək bəlkə də milyonlarca qız,
Ana yox, birbaşa "qadın " olubdu.

Çirkli çarpayıda ləkəli işıq...
Sənin dünyandakı həsrət başqadı.
Təcrübə qarışıq, şəhvət qarışıq,
Müştəri başqadı, qiymət başqadı.
qoca fahişə
Üzüyü kim taxıb o barmağına?
Əmidi yoxsa ki, dayı, bilinmir.
Açarı pul olan "eşq otağına",
Girib-çıxanların sayı, bilinmir.

Gəlib müştərilər yüz cür biçimdə,
Lənət həm ağına, həm qarasına...
Kişi ah-ufları sənin içində,
Qarışıb çarpayı cırıltısına. 

Ölsən deyəcəklər günahı çoxdu,
Qadınsan, özünü diri satırsan.
Sən namus satmırsan xəbərin yoxdu,
Dünyaya gəldiyin yeri satırsan...

Saqqızın şirindi, dilinsə zəhər,
Canınla görürsən gördüyün işi.
Min kişi dadmısan indiyə qədər,
Bananlı, vişnəli, almalı - kişi...

Küçələr tökülür danışığından,
Küçələr dilinə qurdtək daraşıb.
Nikotin alkoqol qarışığından,
Səsin kişiləşib, üzün qırışıb
Keçmiş zamandasan qoca Fahişə.
Hər gecə bir kişi altında qalan,
Döşəmə Fahişə, xalça Fahişə.

Adamlar üstünə çıxıblar ancaq,
Kədərinə ortaq çıxmayıb heç kim.
Çılpaq bədəninə baxıblar ancaq,
Dərdli gözlərinə baxmayıb heç kim .

Gözəl gözlərini yorğun eləyib,
Quduz kişilərə yoldaş səkilər.
Axxx ! Bilsən kimləri pozğun eləyib,
Bu qəddar səkilər, oğraş səkilər...

Ümid öldürmüsən, sevgi boğmusan
Əzbər öyrənmisən tənha qalmağı.
Bütün səkilərdə ölü doğmusan,
Qismətin olmayan ANA olmağı.

Səkinin bacısı, küçənin qızı
Gündoğmaz ölkənin sönmüş ulduzu,
Hər gecə başına uçulur damlar.

Göyərmiş üzündə, al yanağında,
Yaşıl boyadığın dodaqlarında-
Üçrəngli bayrağı "öpür" adamlar.

Çoxundan millisən azəri qızı...

Müəllif: şair Qismət

Həmçinin bax: Bakı haqqında şer

Top