Mənsiz qalacaqdır bu dünya bir gün,
Kiminsə gözünə yaş gələcəkdir.
Mənsiz qalacaqdır bu dünya bir gün,
Bir daş qəmli-qəmli dikələcəkdir.
Dodaqdan gülüştək silinər adım,
Ömür-sonu gələn keçilən yoldur.
Dünya gəlişimdən xəbər tutmadı,
Bəlkə gedişim də xəbərsiz oldu.
Köçüb gedəcəyəm günün birində,
Hicran göyərəcək yerimdə mənim.
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim.
Qara çərçivədən bacaxaq şəklim,
Donuq gözlərimdə daldalanar qəm.
Sinəmdə duyğutək yatar əllərim,
Oyadıb son şeri yaza bilmərəm.
Qara daş doğular, soyuq, mən adda;
Bir qadın hıçqırıb saçını yolar.
Ayrılıb gedərəm tabutum altda
Dörd çiyin görüşər, dörd ürək vurar...
Mənim çarpayımda süküt uyuyar,
Artar bir sakini qəbristanın da.
Bir çiçək kökünü sinəmə qoyar,
Rəngi ləçəklərə keçər qanın da.
Gəlib bu çiçəyi dərənim olmaz,
Bahar göyərdəcək,
Qış solduracaq.
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq.
Köçüb gedəcəyəm dünyadan bir gün,
Bəlkə yüz il sonra,
Bəlkə də sabah.
Bəlkə bir qu kimi çırğınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq...