Arxandan ağlayan, göz qalacaqsa,
Qəlbimi dağlayan, söz qalacaqsa,
Bir də, alışmayan, köz qalacaqsa,
Sən Allah, özünə öyrətmə məni.
Arzularım donacaqsa gözümdə,
İzin qoyacaqsa, həsrət üzümdə,
Durmayacaqsansa, və'dən-sözündə,
Sən Allah, özünə öyrətmə məni.
Dərdin gözlərimi, yaş qoyacaqsa,
Ürəyin yerinə, daş qoyacaqsa,
Əlin, əllərimi boş qoyacaqsa,
Sən Allah, özünə öyrətmə məni.
Rəhimli hər dərdi saydı,sanadı,
Hər addımda, öz-özünü qınadı.
Sınacaqsa, qürurumun qanadı,
Sən Allah, özünə öyrətmə məni.
Müəllif:Aygün Rəhimli