Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm...
Uşaqlıq həsrəti anamgildədir.
Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: "Oğul gəl bizə..."
Dizimin taqəti anamgildədir.
Neçə anaya da, anam anadır,
"Aləm bir yanadır, o bir yanadır".
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.
Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.
Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.
Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.