"Fel" haqqında məhəbbət şeiri | Qismət Rüstəmov

"Fel" haqqında məhəbbət şeiri | Qismət Rüstəmov

Məncə dilimizin əsas qüvvəsi,
Əvəzlik, say, isim, sifət deyildir.
Mənimçün ən əziz nitq hissəsi,
Feldir, çünki "sevmək" feldir.

İsimsiz, sifətsiz dil də dil deyil,
Sayı, əvəzliyi heç danmaq olmaz.
Fel-hərəkətdir,Sevmək də fel,
Deməli sevgilim dayanmaq olmaz.

İsimdə adın var, sayda bircəsən
Əvəzlik səninlə əvəzsiz qalar.
Sifətdə zərifsən,gözəl, incəsən
Feli də öyrənsən lap əla olar.

İsimin, sifətin, sayın öz yeri
Bizlərə lazımdır əvəzləyən də.
Hər şeyi bilirsən sevməkdən qeyri,
Dərsdənmi qaçmısan feli keçəndə?!

Ay mənə naz edib qəlbimi qıran,
Razıyam arada yalan da denən.
Bir sevmək felini mənə hər zaman,
Təsdiqdə, indiki zamanda denən...

Müəllif: Qismət Rüstəmov
Top