Yaxşı insan, pis insan | Tofiq Mahmud

Yaxşı insan, pis insan | Tofiq Mahmud

Hanı elə bir şüa,
Elə tərəzi, mizan,
Bir güzgü kimi asan
Göstərə bilsin
Kimdir -
Yaxşı insan, pis insan?!
Pislər mələk donuna,
Pislər çiçək donuna,
Bəzən elə bürünür,
Onların qarşısında
Yaxşılar pis görünür.
Zaman pislə yanaşı
Yetirir  yaxşıları,
Zaman pisləri deyil
Itirir yaxşıları.

Başa düşmürük bəzən
Yaxşını öz vaxtında,
Oturduruq pisləri
Yaxşıların taxtında.
Yaxşılar arasında
Pislər bir yaxşı kimi,
Dərhal gözə görünür
Divar naxışı kimi.

Tük qədər pisliyiylə
Hardasa bir ev yıxır,
Sonra qaçıb təngənəfəs
Gəlib köməyə çıxır.
Ona bir Allah kimi
Baxıb qulaq asırıq,
Hətta xeyirxah kimi
Bağrımıza basırıq.

Mikrob pisliklərini,
Gözə, üzə, nəfəsə,
Səsə, sözə, dənizə,
Yerə, göyə, havaya
Toz kimi yaya- yaya
Yaşayırlar dünyada
Yaxşılar arasında.
Təbiətdə bəllidir
Bu çiçəkdir, bu çayır...
Yaxşı insan, pis insan
Hünərin var, seç ayır.

Top