Dünyanı dərk edib, duymaq çətindir,
Dünyanın işini yozmağa nə var?
Həyatdan zövq alıb doymaq çətindir,
Həyatı zay edib pozmağa nə var?
Dostluqda, mərdlikdə dayanmaq gərək,
Düşmən hiyləsindən qorunmaq gərək.
Qurdu qurd gözündən tanımaq gərək,
Tülkünü, çaqqalı görməyə nə var?
Çətinliyə düşən küsmə dünyadan,
əlini bir yolluq üzmə dünyadan,
əl çəkmə dünyadan, bezmə dünyadan,
"Dünya beşgünlükdür" deməyə nə var?
Azad vətənimdə azad bir quşam
Mən hələ nə görüb, nə yaşamışam?
Vətəni özümə ana sanmışam
Ədalət- vətənçün ölməyə nə var?