İLAHİ !!!!

İLAHİ !!!!

Adını zikr edər gecə və gündüz,
Ağaclar,çiçəklər,güllər,İlahi!
Könlümü,ruhumu aparır Sənə,
Keçdiyim dolanmac yollar,İlahi!

Bir canı borcluyuq,al canımızı,
Alma əlimizdən imanımızı!
Arındır,barındır zamanımızı,
Açılmış qarşında əllər,ilahi!

Endirib zirvədən dağı yol etmə,
Acgöz nəfsimizə bizi qul etmə!
Namərdi millətə Sən oğul etmə,
Yoxsa,yazıq olar illər,İlahi!

Ən böyük arzumuz-yol göstər bizə,
Fövqünə ucalaq,bu yetər bizə.
Səni dərk etməyə ağıl ver bizə,
Duasız qalmasın dillər,İlahi!

Sən doldur işıqla ürəyimizi,
Biz səndən umarıq diləyimizi.
Bir daha qul edə bilməsin bizi,
Quzeydən baş alan yellər,İlahi!

Qaldır pərdələri Sən gözümüzdən,
Mİllət seçə bilsin əməli sözdən.
Çox ayrı düşmüşük öz-özümüzdən,
Bizi özümüzə döndər,İlahi!

Bəxtiyar Vahabzadə
Top