Azərbaycan | Məmməd Araz

Azərbaycan | Məmməd Araz

Azərbaycan - qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan - mayəsi nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
AZƏRBAYCAN deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

Tariximə qara xətlə hicri, miladi
Qılıncların qan ağziyla yazılmadımı!
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı!

İllər olub - kürələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz gölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası.
Azərbaycan qatarı da yollara çıxdı,
Dağılanda qoca şərqin duman dünyası.

Azərbaycan - mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
AZƏRBAYCAN deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!

Top