Əntər "obezyan" necədü? | Baba Pünhan

Əntər "obezyan" necədü? | Baba Pünhan

Görən heyvanxanada indiki dövran necədü?
Görəsən fərqdə insan ilə heyvan necədü?

Neçə il bundan əzəl mən belə ərz etmiş idim
Ki, ac aslan cücədü, indi bəs aslan necədü?

Bizdə beş şirvana "əla" dolanırlar qocalar,
Qoca heyvanlara bəs orda güzəran necədü?

Biz amerikan itinə yağlı asatrin veririk,
Özümüzsə yeyirik kilkə, badımcan necədü?

Məncə Robertin ögey qərdeşi də orda qalır,
Yeri gəlmiş soruşum əntər "obezyan" necədü?

Deyirəm öz itini taxtda yatırdan məmur,
Kaş biləydi küçələrdə yatan insan necədü?

Burda porsuqlara yer çoxdu nəinki orada,
Çünki bizlərdə bilirlər ki, qudurğan necədü?..

Meşələr yandırılandan meşə çaqqalsız olub,
Açılan şəhrdə çaqqallara meydan necədü?

Mən ki, ekranda demişdim ki, günüm it günüdür,
Tez-tez itlər soruşurlar Baba Pünhan necədü?

Həmçinin bax:
Kişi var ki, kişidir, amma kişiynən işi yox
Top