Göz yaşını axıtmağa dəyərmi ,
Sonunda bir güləcəyi yoxdusa .
Hər görüşə sevgi demə əzizim ,
Əgər onun gələcəyi yoxdusa .
Sevgi yoxsa ürək quru qəfəsdi ,
Kor ümüdə nə qərəzi , nə qəsdi ?
Min yol geri çağırmağın əbəsdi
Əgər geri dönəcəyi yoxdusa .
Hər kül altda gizlənənə köz demə ,
Hər xatirə qırığına iz demə ,
Hər ürəkdən kövrək nəğmə gözləmə
Sarı simdə dinəcəyi yoxdusa .
Oda salsan buz bağlayıb donacaq ,
Əldən uçdu , yad budağa qonacaq ,
Könül versən nə qiymətə alacaq ?
Könül qədri biləcəyi yoxdusa .
Ucaltdığın kiçiləndə görərsən ,
Əriyərsən gözün görə - görə sən .
Süfrəsinə nə qoyacaq görəsən
Səndən tikə böləcəyi yoxdusa .
Demə mənə : nələr gəlir ağlıma ;
Vay onda ki qara səndən ağ uma .
Ürəksizə ürək verib ağlama ,
Bir gün sənsiz öləcəyi yoxdusa ...