"Olsaydim"

"Olsaydim"

Mən bulaq olsaydım susardımmı heç?
Qaynardım qayalar, dağlar içindən,
Deyərdim, sən məndən bir ovuc gəl iç
Keçəndə bağçalar, bağlar içindən!

Mən ağac olsaydım, çinar olardım,
Hər bahar səslənib gələrdim dilə,
Sizin bağçanızdan mən ucalardım
Səni oyatmaqçün nəğmələrimlə.

Mən külək olsaydım çox tələsərdim,
Bir anda dağlardan ötərdim asan.
Gecə qapınızdan asta əsərdim,
Deyərdim, yuxudan oyanmayasan.

Mən bulud olsaydım, qalxıb qayadan
Qarlı zirvələrdə qonaq qalardım.
Yayda göy üzündən od yağan zaman
Sən keçən yollara kölgə salardım.

Mən dəniz olsaydım, nəğmə dilimdə,
Coşardım əbədi məhəbbət kimi:
Saxlardım həmişə öz sahilimdə
Sənin izlərini qənimət kimi

Mən günəş olsaydım, nur yaya-yaya
Zülmət gecələri erkən boğardım.
Bütün insanlığa, bütün dünyaya
Sizin evinizin üstdən doğardım

Nəbi Xəzri
Top