Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim,-
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Üzünü görmədiyim hər günümə gün demirəm,
Küsmə, ünvanına bu sözləri küskün demirəm,
Sənə Leyla, özümə, yaxşı ki Məcnun demirəm
Gəl gülüm, gəl çiçəyim, gəl ki, mən ilhama gəlim,
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Səndən öyrəndi bahar nəğmələrin nəğməsini,
Yaydı dünyamıza xoş nəğmənin hər kəlməsini
Doymaram min kərə, hər gün mən eşitsəm səsini,
Çəkirəm car bunu bilsin Vətənim, bilsin elim,
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Dikirəm gözlərimi hər zaman, hər an yoluna
De görüm, kim ötürübdür səni hicran yoluna
Hardasan, gəl bu vüsal adlı Süleyman yoluna,
Gəl, gəl, etsin yenə pərvaz gözəl arzum, əməlim,
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Müəllif: Süleyman Rüstəm