Ey varlıq mülkünə böyük şahsüvar,
Əqlin sultanısan, zəkavətin var.
Sonusan o mürsəl peyğəmbərlərin,
Sonun halvasısan, duzun əvvəlin.
Varlıq baxçasının ilk gülü sənsən,
Zamanın sonuncu sərkədəsisən.
Kifayət mülkünə sənsən hökmdar,
Vilayət hökmüdür verdiyin qərar.
Hər kəs lovğalıqla çıxsa qarşına,
Bir ədəb qılıncı enər başına.
Gözlər işıq alır ayaq tozundan,
Aləm işıqlanır daima ondan.
Səndən işığını almayan bir şam
Sönər öz yeliyə, qaralar müdam.
Ey qəbilələrlə aydın dil tapan,
Vazeh dəlillərlə zərbə vuransan.
Allahın höccəti bütün səndədir,
Səhərin sirri də o sinəndədir.
Ey iki dünyanın saray ağası,
O qabü qövseynin mahir ustası.
Ey sonsuz göyləri gəzib bac alan,
Yetmiş min pərdənin üstə ucalan.
Ey əqlin və canın fövqündə duran,
Sənə səcdə qılır yerlə asiman.
Yer göyə dönmüşdür dininlə gerçək,
Yox,yox döşəməndir bu sonsuz fələk.
Ey altı cəhəti heyrətləndirən,
Atını çapırsan yeddi göyə sən.
Altı-yeddi min il keçir o andan.
Ki bu dəbdəbəni eşitmiş cahan.
Hər əqlə süfrəndə bir nemətin var,
Qapında qul kimi dayanar ruhlar.
Ağıl sənsiz olsa nə çıxar ondan,
Sənsiz yaşayarsa ölüdür hər can.