Bir gün dostum Seymurgilə getmişdim. Şer yazdığını çoxdan bilirdim, bəzilərini də mənim üçün oxumuşdu. ondan bir neçə şeirini verməyi xahiş etdim ki, kayzenə yerləşdirim. Sözümü yerə salmadı. Çünki söz əhli üçün "söz vermək" "söz yerə salmamaq" ağır mövzulardı. Çünki onlar sözün qədrini bilirlər. Şeirlərdən bir neçəsini yerləşdirirəm əgər bəyənsəniz silsilə şəklində yerləşdirə bilərəm. Onu da qeyd edim ki, Bu şeirlər başqa heç yerdə yoxdu yəni Eksklüzivdi. Kitabın özü də hələ çıxmayıb.
SÖZDƏN-SÖZƏ 25.04.08
Ömür kitabının ağ səhifəsinə
Yazıldıq hərəmiz bir yeni söz kimi.
Oxunduqca köhnəldik.
Sevinənlə sevindik,
Kövrələnlə kövrəldik.
İlk zamanlar düşdük ağızdan-ağıza.
Sonra çevrildik lazımsız kağıza.
Atıb bizi ocağa, yandırdılar.
Söndürən olmadı, özümüz söndük.
Közümüzdən ayrılıb külə döndük.
Külək külümüzü göyə sovurdu.
O an bizi, yer də göyə qovurdu.
Uçub-uçub buludlarda qonaq olduq.
Yerdə artıq unudulduq.
Ayrılsaq da səmada bir-birindən,
Buludlar toqquşan zaman qovuşduq.
Çevrildik yağışın damlalarına,
Elə bil ki, yenidən doğulmuşduq.
İndi səmaya deyirdiik əlvida,
Qayıdırdıq yenə öz yerimizə.
Qayıdırdıq yandığımız ocaqda
Külə döndüyümüz köz yerimizə.
Amma hələ çatmamışdıq səninlə
Ağ səhifədəki söz yerimizə.
Yağırdıq, yerə yağırdıq.
Yağdıqca yenə yağırdıq.
Bizim tək odda yananlar
Bizi köməyə çağırdı.
Biz bu dərd alovlarına
Yağan güclü leysan olduq.
Dərd alovlarında yanan
Dərdlilərə dərman olduq.
Suya həsrət ağacların
Çoxdankı arzusu idik.
Gerçək oldu bu arzu da,
Çünki biz artıq su idik.
Bizdən ruhlanan ağaclar
Yarpaqladı, çiçək açdı.
Bizsə naxış olduq əlvan yarpaqlara.
Salam söyləyib bahara,
Dost olduq yaşıllıqlara.
Fəsillər dəyişdi, payız yetişdi.
Xəzan gəldi, xəzəl olduq.
Rəssamların yaratdığı
Payız mənzərələrində
Biz necə də gözəl olduq.
Şairlərin qələmilə ağ kağızlar üzərində
Şeir olduq, qəzəl olduq.
Sözdən sözə çatmaq üçün
Uzun yoldan keçib gəldik.
Sözü sözə qatmaq üçün
Sözü sözdən seçib gəldik.
Söz qonaqlığına düşdük,
Söz yeyib, söz içib gəldik.
Söz gəlmişik bu dünyaya,
Bu dünyadan söz gedirik.
Sözümüzlə yumşaldırıq,
Sözümüzlə bərkidirik bu dünyanı.
Sözümüzlə düşündürüb,
Sözümüzlə dərk edirik bu dünyanı.
Sözümüzlə salamlayır,
Sözümüzlə tərk edirik bu dünyanı.
19.05.07.
QORUMUĞA GƏLMİŞƏM
Nə vaxtacan qan ilə yuyulacaq torpağım ?
Yurdumun yaraların sarımağa gəlmişəm.
Zəfərlə bir gələcək burdan mənim sorağım,
Artıq mən də Vətəni qorumağa gəlmişəm.
Ruhum Vətən deyəcək
Axır nəfəsiməcən.
Son damla qanımadək
Vətənə bağlıyam mən.
Məğrurluq rəmzi olan əzəmətli dağları,
Saf, təmiz göz yaşı tək axan buz bulaqları,
Mən bu sıx meşələri, yam-yaşıl otlaqları,
Bu çölü, bu çəməni qorumağa gəlmişəm.
Ruhum Vətən deyəcək
Axır nəfəsiməcən.
Son damla qanımadək
Vətənə bağlıyam mən.
Addımlarım mətin, sərt, əsgər marşı dilimdə,
Qənimiyəm düşmənin, silahım da əlimdə,
Xidmət edir Vətənə sözüm də, əməlim də.
Ana torpaq, mən səni qorumağa gəlmişəm.
21.09.07.
DANIŞIR
Yalançılıqda mahir,
Doğru söz dilə gəlmir.
Mənəviyyatı kafir
Bizə dindən danışır.
Atır addımı bir-bir,
Qorxur, amma çəkilmir.
Yüzəcən saya bilmir,
Gəl ki, mindən danışır.
Sanma dünya düzəlib,
Ancaq üzdən bəzənib,
Özü şeytandı, gəlib
Mənə cindən danışır.
Çoxdu sözün dananlar,
Çox azdı söz qananlar.
Çox vaxt xoruzlananlar,
Sonra hindən danışır.
Ağac əkən, ev tikən
Ölüncə qan, tər tökən,
Zəhmət, əziyyət çəkən,
Öz içindən danışır.
Axtarma sən doğru söz,
Döz bu yalanlara, döz.
Qorxaqlar həmişə öz
Hünərindən danışır.
13.11.07
DÜŞDÜM
Ömrə payız gəldi yenə,
Çətirsiz yağışa düşdüm.
Soyuqlar isindi mənə,
Payız getdi, qışa düşdüm.
Bəzən şimşək kimi çaxdım,
Bəzən yağış kimi yağdım,
Bəzən də sel kimi axdım,
Mən çox bərkə-boşa düşdüm.
Həyat yolu yordu məni,
Dağa-daşa vurdu məni,
Çox tikib uçurdu məni,
Sanma ki, təlaşa düşdüm.
İçdim eşqi zəhər kimi,
Boğdu məni qəhər kimi.
Atıldım eşqə zər kimi,
Ayrılıqla qoşa düşdüm.
Bu dünyanın gözəlliyin,
Düşünüb dərk etdi beyin.
Bu həyatın şirinliyin
Acı çəkib başa düşdüm.
18.11.07
BİZİM DÜNYA
“Ağzımızla, burnumuzla
Başımızı qatan güzgü...”
Ramiz Rövşən
Dərdimizi çəkən dünya,
Kim çəkir sənin dərdini?
Yetişsək də min arzuya,
Kim bilir sənin qədrini?
Bizə qanad verən arzu,
Sənsiz ömrün nə mənası?
Sənsən incə duyğumuzun
Əlvan rəngli söz dünyası
Ağlımızı alan sevgi,
Gah şirinsən, gah acısan.
Sən kövrək qəlbimizdəki
Ülvi hisslərin tacısan.
Yolumuzu kəsən hicran,
Axı sən nə qazanırsan?
Yoxmu səndə şərəf,vicdan?
Yarı yardan ayırırsan.
Üstümüzə gələn dalğa,
Bu sahildən qovma bizi.
Coşma, ey çılğın qasırğa,
Bu dənizdə boğma bizi.
Səmalardan baxan günəş,
Şəfəqlərin al qırmızı.
Üfüqlərdən doğan günəş,
İşıqlandır dünyamızı.
Üstümüzdən keçən bulud,
Çox qəmlidir baxışların.
Sən bu qüssəni gəl,unut.
Qoy, yağmasın yağışların.
Ey ömürdən gedən illər,
Sizdə nələr yaşadıq biz.
Dərd, intizar, sevinc, kədər,
Hər biri də ömürdə iz.
Bağçamızda solan güllər,
Rənginiz nə tez saraldı.
Ey xoş ətir saçan güllər,
Bəs ətriniz harda qaldı?
Qarşımızda duran güzgü,
Bizi bizə sən tanıtdın.
Səndə gördük özümüzü,
Bizə çox şeyi anlatdın.
Ömrə vaxtsız gələn ölüm,
Kimdir axı səndən qaçan?
Bizə verib əzab,zülm,
Əvəzində can alırsan!
18.03.08
SÖZ
Özgə qayıqda üzsən də,
Ümman olsun öz ümmanın.
Geniş olar düşüncən də,
Dərin olsa söz ümmanın.
Baha sözü satma ucuz,
Şirin sözə də qatma duz,
Gec-tez, əvvəl-axır, onsuz,
Tapır hər söz öz ünvanın.
Ləl-cəvahir, qızıl, almaz,
Düz sözdən qiymətli olmaz.
Doğru yolda izi qalmaz
Yalan sözə göz yumanın.
Ağıl fikrin özəyidir,
Qarlı yolun xizəyidir.
Ulduz göyün bəzəyidir,
İnsan yerin, söz insanın.
21.04.08
FİKİR YOLLARI
Sonsuz fikir yollarımda
Meh əsdikcə sərin-sərin.
Hüdudsuz xəyallarımda
Düşünürəm dərin-dərin.
Bəzən tale küsür məndən,
Dönür bəxtin üzü məndən,
Bəzən həyat özü mənə
Layla çalır şirin-şirin.
Amma o da qəribədir,
Gah inciyir, gah incidir,
Günlərsə ömürdən gedir,
Asta-asta, həzin-həzin.
Kim eşq ilə ömür sürür,
Həyatın hər üzün görür.
Sevgi onu süründürür,
Arxasınca dizin-dizin.
Ömrümüzü sanıb nəşə,
Deyib gülsək də, həmişə
Dönüb baxanda keçmişə,
Ağlayırıq gizlin-gizlin.
25.04.08
BU DÜNYANIN DƏRDİ BİZƏ QALMAYIB
( Biz bəzən bezəndə )
Zaman ötdükcə dünya da köhnəlib,
Dünya bizim üçün təzə qalmayıb.
Bizə nə, kövrəlib, ya fərəhlənib,
Bu dünyanın dərdi bizə qalmayıb.
Nə çox bizim dərdimizi görənlər,
Amma gör heç varmı məlhəm edənlər.
Dərdini çəksin ona dərd verənlər,
Bu dünyanın dərdi bizə qalmayıb.
Tez qaçırıq, harda görsək qəm-kədər,
Yoxdu çarə axtaran bizim qədər,
Öz dərdimiz özümüzə bəs edər,
Bu dünyanın dərdi bizə qalmayıb.
Hiylələrlə öz toruna salınca,
Addım-addım bizi çəkir dalınca,
Kədər-kədər, fikir-fikir dalınca,
Bu dünyanın dərdi bizə qalmayıb.
Yaranmışıq biz də sevək, sevilək,
Bəxtə düşən uğurlara sevinək.
Biz dünyaya gəlmədik ki, qəm çəkək,
Bu dünyanın dərdi bizə qalmayıb.
Hər gün bizi bir sınağa çəkirsə,
Bir ölümü bir ömür gözlədirsə,
Əgər sirrini bizdən gizlədirsə,
Bu dünyanın dərdi bizə qalmayıb.
Öz həyatımızı qoyub qumara,
Dünyanı biz qumarxana edirik.
Ömür boyu axtarırıq pul-para,
Düşüb fələyin çarxına gedirik.
Salırıq öz başımızı bəlaya,
Bəxtsiz balıq tək atılırıq suya.
Ümmandan dənizə, dənizdən çaya,
Çaydan düzənlik arxına gedirik.
Əzildikcə zəifimiz, fağırımız,
Bir qədər də güclənəcək ağrımız.
Düşünəndə hara gedir axrımız,
Sanki, mənəvi qırğına gedirik.
29.04.08