Ticarət haqqında şeir

Ticarət haqqında şeir

Hər an dayanıb millətə xidmətdə ticarət,
Az fayda verir xidmətə nisbətdə ticarət.

Həm səbr gərəkdir işdə, həm möhkəm iradə,
Çağdaş zamanın biznesi də deyildir sadə,
Məhsulda edərək dəyəri pulla ifadə,
Qiymət yaradır bazarda əlbəttə ticarət.

Hər an dayanıb millətə xidmətdə ticarət,
Az fayda verir xidmətə nisbətdə ticarət.


Qızğındı rəqabət, gərəkdi doğru sərəncam,
Şirkətdə mütləq olmalıdır dəqiq proqram,
Hər kim ki, edər məhsulunu bazarda reklam,
Yalnız o zaman udar rəqabətdə ticarət.

Hər an dayanıb millətə xidmətdə ticarət,
Az fayda verir xidmətə nisbətdə ticarət.


Kuryerlə, kataloqla və telfonla satış var,
Mənzillərə təşrif buyurur tacirü-səyyar,
İnternetə kimlər ki, girir, olur xəbərdar,
Bərk güclənibdir son zamanlar xətdə ticarət.

Hər an dayanıb millətə xidmətdə ticarət,
Az fayda verir xidmətə nisbətdə ticarət.


Anbarlara cəm edir şirkət öncə xammalı,
Çünki, xammal ilə başlayır məhsul emalı,
Yalnız satışdır yekunlaşdıran istehsalı,
Son nöqtədir, nəticədir şirkətdə ticarət.

Hər an dayanıb millətə xidmətdə ticarət,
Az fayda verir xidmətə nisbətdə ticarət.


Dövlət yaradıbdır ölkədə ticari şansı,
Sərmayə qoyandan istəmir büdcə avansı,
İldən-ilə artmaqdadır tədiyyə balansı,
Saldo düzəlib, çıxıbdır müsbətdə ticarət.
Hər an dayanıb millətə xidmətdə ticarət,
Az fayda verir xidmətə nisbətdə ticarət.


Peyğəmbərimiz Quranla ürfanlıq edibdir,
Bir çoxları isə bütə hədyanlıq edibdir,
Allah rəsulu karvana sarbanlıq edibdir,
Hətta edibdir sərfəli qiymətdə ticarət.

Hər an dayanıb millətə xidmətdə ticarət,
Az fayda verir xidmətə nisbətdə ticarət.

Mənbə: Marketinq jurnalı
Müəllif: Babək Bayramov
Top