Mədəniyyət!..

Mədəniyyət!..

Bu yumurta qabıqlarını bura hansı mədəniyyətsiz atdı?”
Avtobusda sürücü: “Bir az da yaxınlaşın, bir az da mehribanlaşın”. Sərnişin: “Ay kişi, mədəniyyətin olsun, daha biz nə qədər yaxınlaşaq? Sən bizi qohum elədin ki, lap!”
Günümüzdə dəfələrcə eşitdiyimiz aqressiya dolu kəlmələr. Sizə bu gün haqqında danışmaq istədiyim, hamının beynində qəlibləşmiş forma alan mədəniyyət anlamı yox, tam fərqli sərhədsiz-hüdudsuz, azadlıq dolu, bir az da tərbiyəvi xarakter kəsb edən mədəniyyət olacaq. Hansı ki, ora insani mənəvi keyfiyyətlər, sevgi mədəniyyəti, küçə mədəniyyəti, nitq mədəniyyəti və s.daxildir.

Sevgi mədəniyyəti...

Bu yaxınlarda İnternet saytlarından birində maraqlı bir fikrə rast gəldim: “Sevgi sabitdir. Qərarsız olan bizlərik. Sevgi güvənlik verir, insanlar xəyanət edər. Sevgiyə güvənilir, insanlara əsla!” Bir neçə gün bu kəlmələri beyin laboratoriyamda fasiləsiz-filansız analiz etdim. “Sevgiyə güvənilir, insanlara əsla!” Necə də həqiqət dolu kəlmələr. Nədir sevgi? Yox, qardaşım, yox! Mən bu gün ondan danışmayacağam, çünkü insanlara güvənmirəm! Çünkü insanlar bu gün xəyanət, yalan pərdəsinə bürünərək, bəşəriyyətə sevgi yox, tənhalıq, göz yaşları, əzab-iztirablar satır. Bu bir həqiqətdir ki, sevgi deyəndə əksər gənclərin gözləri qarşısında Şəhidlər Xiyabanı ətrafındakı xəlvəti yerlər, Dənizkənarı Milli Park və s.gözdən iraq, könüldən uzaq məkanlardakı “aşiqi-məcnunlar” canlanır. Bu sevgi deyil! Sevgi 15 yaşına yenicə dolmuş bir yeniyetməni erkən nikaha girərək kortəbii ərə vermək deyildir! Sevgi valideynin: “Kəs səsini, nə sevgi? Sən hələ uşaqsan”- deyib övladın ağzından vuraraq onun yenicə açılmış qəlb gözlərini kor etmək də deyildir! Təkcə onu bilirəm ki, bu gün sevgi azərbaycanlı ailəsində övladlara tərbiyə olunmayan, lakin “Leyli və Məcnun”dan sitatlar gətirilən simvolik bir məhfumdur. Təkcə onu bilirəm ki, sevgi bu gün tərk edilmiş, minlərcə insanın acı göz yaşları, buz tənhalığı, iztirab çəkən ürəkləridir!!! Gəlin unutmayaq ki, bu gün bizim sevgi mədəniyyətinin tərbiyə olunmasına möhtac olan neçə-neçə ailələrimiz var! Gəlin, sevgi mədəniyyətini yumruq-təpiklə məhv yox, mehriban düşüncələrlə, sevgiylə, qayğıyla insanlara tərbiyə edək! Çünki onların buna çox ehtiyacı var!

Küçə mədəniyyəti!!!

Bilirəm, indi siz də fikirləşirsiniz ki, addımbaşı yollara “bəzək” olmuş tüpürcəklər, hətta tez-tez gözümüzə sataşan ağacların dibinə, asfaltlara atılmış salfetlər, butulkalar, yollardakı tıxac vurhavuru, insanların bir-birinə aqressiv münasibəti olduğu halda hansı küçə mədəniyyətindən danışa bilərik?! Avtobusla gedib-gələnlər yaxşı bilər, ən böyük “insan mədəniyyətinə” elə məhz oradaca rast gəlmək olar. “Ay taxtabaş, hara çıxırsan aradan, pulu ver də”, “Taxtabaş özünsən, kor gözlərini aç, gör də, konduktora vermişəm!” Bu iyrənc, insanın əsəblərini qıcıqlandıran dialoqlar siyahısını bir az da uzada bilərəm, lakin hər səhər işə, dərsə gedərkən qulaqlarınız onsuz da bu “stimul” gətirici sözlərlə dolur, yenidən təkrarın nə mənası? Görünür, bu aqresiyya burulğanı hələ uzunmüddət bitmək bilməyib, hər gün cənginə minlərcə insanı almalı olacaq. Burulğandan xilas olmanın yeganə yolu isə bir fərd şəklində özünüdərk və öz hisslərini tərbiyə etməkdən başlayır! Özünə hörmət edib mənəvi mədəniyyətə sahib olan şəxs heç bir zaman qarşısındakını nə alçaldar, nə də təhqir edər! Düşünürəm ki, bunları da tərbiyə etmək yerinə düşər!

Geyim mədəniyyəti...

Geyim də bir mədəniyyətdir. Hər bir xalqın mütləq özünəməxsus milli geyimləri olur və bəzi xalqların hətta müasir zamanda belə qardiroblarında milli geyimlərə xüsusi yer ayrılır. Elə Hindistanın adını çəkmək kifayət edər. Bəs bizdə? Yenə də Avropa… Əleyhinə deyiləm, əsla! Lakin əndazədə. Hərdən fikirləşirəm: olmazmı ki, geyimlərimizdə balaca da olsa, milli atributlarımıza yer ayrılsın. Məsələn, buta, naxışlı köynəklər və s.aksessuarlar. Gənclərin əksəri bu gün Avropanın mahiyyətini belə dərk etmədən “Müasirik, Avropa stilində geyinməliyik də” deyərək, “adını eşidib, üzünü görməyib” prinsipinə əməl edirlər. Bir az da düşünsək, yaxşı olar!

Və s.

Yazının əvvəlində danışmaq istədiyim mənəvi mədəniyyətin kateqoriyalarından bir neçəsi haqda söhbət açdım. Düşünməyin ki, gənc yaşımda “ağbirçək” olub sizlərə dərs keçmək istədim, əsla! Sadəcə olaraq ürəyimin köşəsində neçə vaxtdır qalaqlanmış kəlmələri bu gün bu köşədə sizinlə bölüşdüm. Düşünürəm ki, real həyatın mədəniyyətlə bağlı problemlərini mənəvi dünyamızın mədəniyyətini inkişaf etdirməklə həll edə bilərik...
Müəllif: Yeganə CANSAİL
Mənbə: Mədəniyyət qəzeti
Top