Çətin proseslərdən keçirik. Ölkədə külli miqdarda problem var. Xalq olaraq problemlər dəryasındayıq və 90 faizimiz üzə bilmir. Batmaq üzrəyik. Düzdür, hələ batmamışıq. Vücudları vicdan və ədalət duyğuları ilə dolu əzmkar insanların mənəvi qolları və təşəbbüsü hesabına bizi tam batıra bilməyiblər. Onlar bir çoxumuz üçün də təhlükəsizliyi təmin edən hava balonu rolunu oynayırlar. Ümid edirəm, uduzan, batan tərəf biz olmayacağıq.
Bu cür batmağımıza səbəblər o qədər çoxdur ki… Tənbəllik, laqeydlik, yaltaqlıq, qorxaqlıq, ümumi passivlik – bu ünsürlərin hər biri öz-özlüyündə bu gün bizə bu sularda üzməyimizə mane olan, ağırlıq yaradan şeylərdir.
Sadaladığım ünsürlərin hər biri insanın bütövləşməsinin qarşısını alır və onun həyat dənizində batmasına xidmət edir. Bu xoşagəlməz şeyləri, üzərində daşıyan insan isə çox zəif xarakterli və ya xaraktersiz biri sayılır.
Bu gün isə mən, məhz ölkəmizdəki kişi cinsinə məxsus şəxslərin xaraktersizliyindən danışacam. Mənfi obrazı ilə özünəməxsus “fəaliyyəti” yadda qalan kişilərimizdən bir neçə dəfə yazmışam. Əcəb də eləmişəm! Cəmiyyətdə, ailədə, hətta idarəetmə sahəsi və hökumət dairələrində də dominantlıq edən kişilərdisə, onlar əllərində olan resurs bolluğundan doğru-dürüst istifadə etməli, ya da geri çəkilib, yerlərini əks cinsin nümayəndələrinə verməlidilər.
Onsuz da bu gedişlə çox güman ki elə də olacaq. Qadınlar söz sahibi olacaqlar. Dəstəkləyirəm! Qoy, olsunlar. Ondan sonra bəlkə aydınlığa çıxa bilərik. Yoxsa ki, adını patriarxal rejim qoyub, özünü lap bambılıxal kimi aparmaq, sadəcə biabırçılıqdır.
Bu biabırçılıq son vaxtlar özünü lap qabarıq göstərir. İş həyatında, ailədə, məişətdə və eləcə də münasibətlərdə kişilərin çoxu pis obrazla yadda qalırlar. Bu qənaətə təkcə şəxsi müşahidələrim hesabına gəlməmişəm. Əksər xanım tanışlarım, dostlarım yanlarında olan, münasibətdə olduqları, iş həmkarları barədə formalaşmış olan mənfi rəyi mənimlə və digərləri ilə tez-tez bölüşməkdədilər.
Dövlət orqanında işləyən bir xanım tanışım, həmişə iş yerində bir çox kişinin yerli-yersiz şəkildə özündən vəzifəcə yuxarı olanlara yaltaqlanmasından elə ürək ağrısı ilə danışır ki, mənim də ürəyim ağrıyır. Əlavə edir ki, işdə ən fəal sözgəzdirənlər və “torbatikənlər” də məhz kişi cinsinə məxsus adamlardır.
Bir dəfə yoldaşına başqa kişi ilə xəyanət edən bir qadından bunu nə üçün etdiyini soruşmuşdum. Cavabında mənə qayıtmışdı ki, “ərim çox şit-şit zarafatlar edir, qərar qəbul etmək qabiliyyətindən uzaq olmaqla yanaşı, həm də özünə əmin biri deyil!” Təbii ki, qadının xəyanətinə heç bir halda haqq qazandırmaq olmaz, fəqət bax, bu cür motivli xəyanətlər bu gün çoxluq təşkil edir.
Həqiqətən acınacaqlı vəziyyətdir. Ümumilikdə əksər qadınlar yanlarında özünə əmin, qürurlu, qərarlı, fəal kişiləri görmək istəyirlər. Onları ədalətsiz, qorxaq, yaltaq və passiv kişilər cəlb etmir. Bu cür xaraktersiz kişilərlə ancaq bir halda yaxın əlaqə bağları yarada bilərlər — əgər o kişi pulludursa. Onlarla olduqları təqdirdə də, həmin qadınlar, çox vaxt əllərinə imkan düşdükcə, o kişilərə xəyanət də edirlər. Bu hal artıq cəmiyyətimizdə tez-tez rast gəlinən təbii bir hadisəyə çevrilib. Kişi xaraktersizdirsə, qadın, onun o halından ikrah hissi keçirir.
Bu gün Azərbaycandakı ailə institutunun pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də kişilərimizin xaraktersizliyidir. Belə hallar çoxaldıqca, təbii şəkildə, qadınlarımız getdikcə fəallaşır və cəmiyyətdə əsas aparıcı qüvvəyə çevirilirlər.
Qadınlarımızın fəallığı superdir. Bayaq da qeyd etdim, səmimi şəkildə dəstəkləyirəm, amma üzüldüyüm tərəf isə burda getdikcə pozulan gender balansıdır. Çünki bu gedişlə kişilərin yaratdığı mənfi reputasiya həm ailə institutunun daha da pisləşməsinə gətirib çıxaracaq, həm də cinslərarası qütbləşmə dərinləşəcək. Bu da intriqaların miqyasının artması deməkdir.
Nə etməli? Kişilər papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünməli, təfəkkür etməli və passiv vəziyyətdən çıxmalıdılar.
Çox oxumalı, öyrənməli, maraqlanmalı, özlərini inkişaf etdirməli və xarakterlərini möhkəmləndirməyə mütləq və mütləq çalışmalıdılar! Vallah, müsbət dəyişiklik mümkündür. Qadınların da sevib, hörmət bəslədiyi və can atdıqları kişiyə necə çevirilməli? Bax, bu barədə mən, indi konkret nələrsə yazmayacam. İnternetdə xeyli maraqlı ədəbiyyat və informasiyalar var.
Dəyişmək istəyirsənsə, zəhmət çək, axtar, tap, öyrən və tətbiq etməkdən çəkinmə! Uğurlar, əziz kişilər!
P.S. Yazım ümumiləşdirmə xarakterli deyil. Mən məhz əksər kişiləri nəzərdə tutmuşam. Qaraqəlbliliyə yol vermə!
Orxan Adıgözəl