''Yola vermək'' sənəti

''Yola vermək'' sənəti

İngiltərədən olan dostlarım var, Bakıda işləyirlər. Bir dəfə söhbət edərkən, mənə dedilər ki, bəs Azərbaycana gələrkən onlara bir xatırlatma ediblər. Xatırlatma ondan ibarətdir ki, Azərbaycanda olarkən hamının sizə verdiyi hər sözə və vədə inanmayın. Əks halda aldana bilərsiniz. Onların sizə dönə-dönə verdiyi sözü icra etmək ehtimalı həmişə müsbət olmaya bilər. Ona görə etibar etdiyiniz adamlarla sövdələşməyə çalışın.

Xatırlatma da, nə xatırlatma. Utandım, yerə girdim. Bu cür “nümunə” ilə yadda qalıb, xatırlatma və xəbərdarlıq aldığım bir ölkənin vətəndaşı olduğuma görə xəcalət çəkdim. Axı niyə belə mənfi obraz və nümunələrlə xatırlanmalıyıq?

Uşaq vaxtı, həm də elə yeniyetmə çağlarımda oxuduğum xarici ədəbiyyatda mənfi obrazlarla qarşılaşarkən, düşünürdüm ki, bizim ölkəmizdə o cür pis adamlar çox az olar. Onların hamısı xarici ölkələrdədilər. Həqiqətən çox sadəlövh olmuşam. Böyüdükcə, yanıldığımı gördüm. Hətta inanın, bu inancım 21-23 yaşıma qədər məninlə bir yerdə böyüdü. Bəlkə də o yaşıma qədər pis adamlarla qarşılaşmamışdım. Nə bilim.

Dəhşət haldır. Bəli, insanın inandığı şeyin əslində illüziya olması və onu sonradan aşkar sezməsi adamı dəhşət stressə salır. Elə bil səni ağ-qara, əcaib bir spiralın içinə atırlar və sən ordan yuxarıdan-aşağı, sonra da əks istiqamətdə ora-bura sürüşüb, çırpılırsan.

İngilis dostlarıma edilən xəbərdarlıq əslində bizim dildə milliləşib, dilimizə və əməllərimizə yapışan “yola vermək”dir. Yolaverməyin miqyası ölkəmizi hər tərəfdən əhatə edib. Xərçəng xəstəliyi tək yayılaraq, orqanizmdə olduğu kimi sağlam yer buraxmamaq niyyəti ilə hər sahədə cövlan edir.

“Yola vermək” ifadəsinin mənası, açıqlaması Azərbaycan dilinin frazeloji lüğətində belədir- “ciddi yanaşmamaq, əhəmiyyət verməmək, barmaqarası baxmaq; ~ dərinə getməmək, başdan eləmək, ağzını boza vermək...”

İngiliscə bu frazeloji birləşmə “put off” kimi tərcümə olunur. Bu ifadə həmin dildə mövcud olsa da, demək olar ki, çox az işlək olan birləşmə kimi müəyyənləşib. Çünki bu ifadə İngiltərədə, digər Avropa ölkələrində əməl olaraq da elə işlək deyil. Avropada siz dövlət idarələrinə gedib, müraciət edərkən, sizi heç kim yola verməyəcək. Çünki belə bürokratik hallar həmin işçilər üçün cinayət dərəcəsindədir. Sistem onlara vətəndaşları “yola ver” diktəsi ilə yox, “işinə məsuliyyətlə yanaş, vicdanla xidmət elə” əmrini verir. Bu cür sistemin işləməsi o ölkələrdə “put off”-un dillərdən uzaq düşməsinə səbəb olur.

Hə, bir də onlar təkcə iş həyatında yox, şəxsi həyatlarında da “yolaverməyi” görmürlər. Təbii ki, bu başlıca olaraq ailə tərbiyəsindən qaynaqlanır. Həmin ailədə doğulub, yetişən uşaqlar atalarının ailədə ciddi-ciddi nəyəsə söz verib, sonra əks şəkildə sözünün üstündə durmaması kimi şeyləri demək olar görmürlər. Əmilərinin, dayılarının evdə oturduğu yerdə onlara zəng eləyən adama “evdən çıxmışam, çatıram” deməsini də görmürlər.

Qərb cəmiyyətlərində insanlara uşaqlıqdan qiymət verir, onların şəxsiyyət olaraq yetişməsinə səbəb olurlar. Təsəvvür edin, ailədə 4-5 yaşındakı uşağa valideynləri yeni övladın dünyaya gətirmək planını açıqlayır, onun da bu barədə düşüncəsini soruşurlar. Bizim ölkədə isə “əə, uşaqdır, yola ver, başını qat, getsin” ifadəsi öz hökmranlığını şəxsiyyət vəsiqəsi əldə etməmiş vətəndaşların ruhuna hopdurulur. Sonra da şüura, dilə oturuşmuş həmin ifadə özünü əməllərdə də göstərir.

Kommunal problemlərə görə hər hansı sənədə qol çəkilməsi üçün müraciət edən vətəndaşlarımızın dövlət idarələrində necə “süründürülməsi” halı hamıya məlumdur.

İşıq idərəsinin “qaynar xətti”ndə operator işləyən bir qız tanışım var. Deyir ki, bir gün ərzində qəbul etdiyimiz 200-ə yaxın telefon zənginin 100-ü bizi, idarəni söyüşlərlə “anırlar”. Onun sözlərinə görə, tapşırıblar ki, insanları “sakitləşdirin”, boş-boş ora-bura yönəldin, bir sözlə, “yola verin”.

Bu Respublika bax, bu şəkildə dövr etməkdədir. Hamı bir-birini yola verir. Bir gün isə həmin “yol” qara, zülmət dolu ağzını açıb, həmin insanları qapıb, yox edəcək…

Orxan Adıgözəl
Top