Məsuliyyətsiz kişilər

Məsuliyyətsiz kişilər

Bu yazımda azərbaycanlı kişilərdən yazmışam. Bizim qadınlardan yazılmış onlarla publisistik məqa var. Həmin məqalələrin çoxu da tənqidi xarakterlidir. Orda qadınların təhsildən, bilgidən uzaq düşmələrindən tutmuş, sosial həyatdakı passivliyi, eyni zamanda intim sferadakı səriştəsizlikləri də qatı şəkildə tənqid olunur.

O cür məqalələr də məhz qadınlarımız tərəfindən birmənalı qarşılanmır. Qadınların çoxu yazılara sərt təpkilər verir, qıcıqlanır, özlərindən çıxırlar. Bu da təbii haldır. Ümumiyyətlə, bizim xalqın əksəriyyətinin tənqidə dözümü yox dərəcəsindədir. Az sayda qadın o yazılardan nəticə çıxarmağı üstün tutur.

Qadınlara qarşı həmin tənqidi məqalələrin müəllifləri də çox vaxt məhz kişilər olur. Mənim özümün də bu qəbildən olan məqalələrim var və oxşar reaksiyaları da görmüşəm.

Bu gün isə hədəfim kişilərdir. Bura əlbəttə ki, bütün kişilər aid etməmişəm. Ümumiyyətlə, heç vaxt ümumiləşdirmə aparmıram. Özüm də buna qarşıyam.

Təəssüf ki, bir çoxu tənqidi yazıların, ümumiləşdirmə şəkilində olduğunu zənn edir. Onlar hətta yazının əvvəllində qeyd olunmuş “əksəriyyət” və “bir çoxu” ifadələrinə diqqət yetirməyib, məqaləyə qərəz “gözlükləri” ilə baxırlar. Bu səbəbdən də o cür qeyri-adekvat reaksiyalar çoxluq təşkil eləyir.

Deməli, bu yaxında bir hadisənin şahidi oldum. Universitetlərdən birində (anonim qalsın) riyaziyyat müəllimi işləyən gənc bir oğlan mənim bir tanıdığım qızla nişanlanıb. Qız özü də bir başqa universitetdə sonuncu kursda təhsil alır. Həmin qız da olduqca ağıllı və özünə hörmət qoyan biridir. Qızın nişanlısı qısqanclıq üstündə tez-tez dava salırmış. Hətta qızın əlaqə saxladığı başqa oğlan da yox imiş. Bu riyaziyyat müəllimi də digər psixopat oğlanlar kimi hər dəfə qızla görüşəndə, nişanlısının telefonunu qurdalayıb, yoxlayan tiplərdən imiş. Və elə olur ki, bu müəllim qıza şərt qoyur ki, ümumiyyətlə, qızlarla da əlaqəni kəs. Yəni ancaq mənimlə danış. Qız da bu şərtlə razı olmayıb. Müəllim adını daşıyan, kişi cinsinə məxsus həmin şəxs də, etiraza görə başlayır qızı yumruqlamağa ki, “bəs sən kimsən ki, mənim sözümdən çıxırsan”. Qız da çox haqlı olaraq oğlanın həmin hərəkətindən sonra nişanı geri qaytarır.

Bu hadisəni eşidəndə dəhşət pis oldum. Utandım, məyus oldum. Kişilərimizin bu cür əməlləri məni kədərləndirir.

Öz həmcinslərimə görə, vallah, xəcalət çəkirəm. Onların belə hərəkətləri digər vicdanlı, əxlaqlı kişilərin də nüfuzuna kölgə salır. Çünki o hallar qadınlara böyük travmalar yaşadır. Onsuz da sərbəst olmayan, həmin travmaları qazanmış qadınlarımız, başqa kişi ilə tanış olarkən, artıq o kişilərə də şübhə ilə yanaşır və onlara güvənməməyə başlayırlar. Bu da biz kişilər üçün əhəmiyyətli dərəcədə eybəcər bir hal, bərbad vəziyyət deməkdir.

Bu gün kişilərimiz arasında “populyarlıq” daşıyan məsələ güvənsizlikdir. Onlar sevgililərinə, öz həyat yoldaşlarına güvənmirlər. Düşünürlər ki, “əgər mən qadınıma “nəzarət” etməsəm, onu çölə-bayıra çıxmağa qoysam, telefondakı yazışmaları yoxlamasam, vəssalam, qadın bir başqası ilə mənə xəyanət edəcək”.

Axı nə üçün? İnsan özü-özünü bu qədərmi aşağı tutar?
Bu birbaşa insanın özünə güvənməməyindən qaynaqlanır. Bu adamların ciddi şəkildə güvən problemi var. Niyə? Çünki onlar özləri başqalarının qız-gəlininə söz atır, yoldan çıxarmağa çalışır və sosial şəbəkələrdə öz arvadlarına demədikləri iltifatları başqa qadınlara yazırlar. Ona görə də daim daxili narahatlıqla yaşayır və qadınlarına da həyatı zindan edirlər.* Əslində, bizim kişilərin dərdləri təkcə güvənsizlik problemi ilə bitsəydi, buna sevinərdik. Güvənsizlik onların problemlər zəncirinin bir həlqəsidir sadəcə.

Bizim kişilər, ümumilikdə ictimai davranış qaydaları başda olmaqla, etik-mədəni danışıq və ünsiyyət, uşağa “ata” tərbiyəsi vermək və öz qadını ilə məhrəm davranışların primitiv qaydalarından belə uzaqdılar.

Bunun bəlli səbəbləri ondan ibarətdir ki, evin kişisi səhər evdən çıxır, gedir işə, axşam çox gec saatlarda evə yorğun halda dönüb, çörəyin yeyib yatır. Yeganə funksiyası evə “çörək pulu” gətirmək olan kişi, öz övladlarının tərbiyəsində rol oynaya bilmir. Məsələn elə, oğlan övladına bir kişi kimi hansı məsuliyyəti daşıdığını, qadınlarla və hətta öz həmcinsləri ilə necə rəftar edəcəyini öyrətmirsə, həmin uşaq da onun nümunə kimi sərgiləyəcəyi bütün davranışları görmə şansından məhrumdursa, sabah həmin oğlan uşağının yetkin yaşdakı vəziyyəti və davranışlar sistemi də yaxşı olmayacaq. Belə hallarda çox az sayda istisnalara rast gəlmək olar.

Kişilərimizin bu hala gəlməsində onları tərbiyə edən anaların da rolu az deyil. Məhz o qadınlar, uşaqlıqdan oğlan övladlarını öz qız övladlarından daha ərköyün böyüdür və onlar arasında aşkar fərq qoyurlar. “Bu, kişidir, ona hər şey olar” söyləməklə, oğlan uşaqlarının düşüncə bazasında onların gələcəyi üçün zərərli olan kodlaşdırma aparırlar.

O cür yetişən oğlanlar gənc biri kişiyə çeviriləndə despotik, ədalətsiz və aqressiv bir tipə dönürlər. Onlar qadın-kişi münasibətinin ən sadə qaydalarından xəbərsiz olurlar. Qadınını orqazm halına çatdırmaqdan bixəbər olan bu tip kişilər, yad qadınlara meyl salıb, onları öz “caynağına” keçirmək arzusu ilə yaşayırlar.

Kitabdan, mədəniyyətdən uzaq həmin cahil kişilər, nəinki qadınlarımız üçün, həm də bütün ölkəmiz üçün təhlükəlidilər…

Orxan Adıgözəl
Top