Birlik | Satirik hekayə

Birlik | Satirik hekayə

“Ay kişi, sür gedək də! Öldük ki… Nəyi gözləyirsən? Camaat evə gecikir axı!” deyə bir səs məni Remarkdan ayırdı. Romanın şirin yerində kitabı bağlayıb tər və kir qoxulu adamlarla qaynayan avtobusun içində güclə də olsa arxaya çevrilməyi bacardım.

Bu giperpola mənbəyi adamın 23,25 yaşı olardı, çox əsəbi görünürdü. Əslində avtobusda əsəbi görünməyən adam yox idi və mən bu əsəbi adamların əsəbi baxışlarına özüm də bilmədən tədricən çoxdan alışmışdım. Bu əsəbi adamalrı hər gün işə gedəndə küçədə, avtobusda, metroda və hətta işdə də görürdüm. Hər gün! Axşam evə qayıdanda isə hər şey tərsinə olurdu...metro, avtobus, küçə, əsəbi baxışlar.

Təkcə evdən bayıra çıxmadığım günlərdə bu əsəbi baxışlardan gizlənə bilirdim.  Evimin divarları məni və ailəmi xroniki əsəb daşıyıcılarından qoruyurdu. Nə yaxşı ki, evimizin divarları var. Əslində hərdən qorxurdum ki, bu əsəbi adamların, aqressiyası, paxıllığı divarları da dəlib keçər, yuvama, ocağıma təcavüz edər.

“Nə qədər gözləmək olar axı? Sür bu zəhrimarı gedək evimizə rahat çataq da, adamda insaf da yaxşı şeydi...heç utanmırsan bu qədər adamı avara edirsən?”

Sürücüyə tərəf boylansam da, onu görə bilmədim, basa-bas imkan vermədi. Əhsən,- deyə fikirləşdim, nəhayət ki, vətəndaşlarımız öz haqqlarını tələb edirlər, 20 dəqiqədən çoxdur avtobus tərpənmir, oğlan düz deyir də, balam. Kitabı açdım, birazdan Ravik Joanla sevişəcəkdi.

“Necə gönüqalın adamdır e, gör heç vecinədir? Səndən mütləq şikayət edəcəyəm, görərsən,-sözləriylə bu dəfə 38, 40 yaşlarında olan bir kişi deyindi.

Saat 9 u keçmişdi, qaranlıq axşamı qucaqlayaraq buludların arxasında gizlənmişdi. Yağışın tək-tük damcıları buludlardan bəlkə də istəmədən qoparaq yerə doğru yol alırdı və avtobusun kirli pəncərəsinə dəyib, üzü aşağı sürüşürdü. Radioda Brilliant Dadaşova “Bayatılar” mahnısını oxumağa başladı. Üzeyirin qapı cırıltısına meydan oxuyan səsiylə, mahnı məfhumuna təhqir dolu meyxanası artıq eşidilmirdi. Əla!

Avtobus hələ də tərpənmirdi. Joan Raviki qucaqladı.

Bu vəd ağsaqqal bir kişi dinləndi. Remarkı bu dəfə də tək qoymağa məcbur oldum. Ravik Joana nəsə demək istəyirdi, sözünü yarımçıq qoydum.

“Düz deyir də, ay bala, gözünüz doymur? Nə qədər adam yığacaqsan? Sür gedək gedək də xarabamıza.”

 -Bunlardan nə əcəb? — öz-özümə fikirləşdim. Görəsən günəş bu gün haradan doğub ki, bunlar hamısı həmfikir olub, sürücünü qınayırlar? Əhsən!
Haqsızlıqlara sinə gərmək daxilimdə sarsılmaz bir hiss kimi həmişə yaşayırdı. Mübarizə aparmaq, uyğunsuzluqlara irad bildirmək, vətəndaşların haqqını qorumaq uğrunda mübahisələr etmək, həyat təcrübəmdə həddindən artıq çox yer almışdı. Amma sonda həmişə tək qalırdım. Həmişə müdafiə etdiklərim tərəfindən belə tərk edilib, təhlükəylə üzbəüz durduğumdan, bu yol məni bir az  yormuşdu və əsəblərimin qayğısına qalmaq üçün arabir belə hallara susurdum da. Susmasaydım dəli ola bilərdim. Hərdən isə mənə elə gəlirdi ki, çoxdan dəli olmuşam, sadəcə bundan xəbərim yoxdur. Bizim cəmiyyətdə ağıllı olmaq da çox təhlükəli işdir axı. Çox təhlükəlidir.

İndi isə hər şey əksinə idi. Xalqın bir avtobusa sığan nümayəndələri birağızdan ədalət tələb edirdilər, haqlarını qoruyurdular, sərnişin haqlarını.

Avtobusda kiçikdən böyüyə hər kəs deyinməyə başlamışdı. Bu məni çox sevindirirdi, deməli millətimiz istəyəndə bir ola bilirmiş. Adamların səsi radiodakı mahnıların səsini batırmışdı, hamı danışırdı, təkcə sürücüdən başqa.

“Sür gedək də...”

“Avtobusun nömrəsini yazıb şikayət edəcəyəm.”

“Ə sənin adın nədir, şofer?”

“Camaat yorğundur...”

“Camaatı fikirləşmirsiz!”

-Düzdü

-Hə, əlbəttə, aaa.

-Afərin

Birdən bütün səslər kəsildi, qəfil sükut çökdü, sakitlik bütün avtobusa hakim oldu. Düşündüm ki, bəlkə eşidmə qabiliyyətimə nəsə olub, ona görə bu qədər adamın danışığını eşidmirəm? Bir təhər bir az qabağa keçdim. Bir iki addımdan sonra sürücünün oturduğu yeri pis də olsa görürdüm.

 Qəfil bir hisslə yanıldığımı anladım. Eşidirdim, lap əla eşidirdim. Görürdüm, lap gözəl görürdüm. Hətta bayaqdan avtobusda olduğunu zənn etdiyim avtobus sürücüsünün ağzında siqaret, avtobusun qapısını açıb, yerinə keçdikdən sonra çırpılan qapı səsini də eşidirdim, barmağını burnuna salıb qurdalamağını da görürdüm. Kitab əlimdən düşdü, bəlkə də Raviklə Joan da heyrətlərindən və kədərlərindən bir-birilərinin qucağından ayrıldılar və kitabın arasından avotbusun palçıqlı döşəməsinə yıxıldılar. Dönüb tələsik avtobusun içindəki sərnişinlərə, bayaqdan meydan oxuyan sərnişinlərə baxdım. Salon sükuta qərq olmuşdu. Telefonunda qurdalanan kim, qəzet oxuyan kim, qulaqlıqla mahnlya qulaq asan kim. Sürücü siqaretdən bir qullab vurub salona üflədi. Nəfəsə qarışmış siqaret tüstüsündə sanki onun dünən yediyi xörəkdən də bir pay var idi. Sonra ağız dolusu bəlğəmi ağzına yığıb bayıra tüpürdü. Mənə elə gəldi ki, Remark özü də bu hala dözməyib qışqırdı. Əsəbləşib bir siqaret alışdırdı, bir qədəh kalvados da süzdü. Sonra başını bulayıb kalvadosu birnəfəsə içdi.

Birdən avtobusa bir səs yayıldı:

-Deyirəm, sürücü qardaş, bəlkə sürəsən gedək?

Yaşlı bir arvad güclə eşidilən mızıltısıyla sanki sürücüyə yalvarırdı.

Sürücü:

-Vaxtı gələndə, gedəcəyik də...,-deyə kobud bir tonla cavab verdi...

Hələ 5 dəqiqə də dayandıqdan sonra, axırı ki, yerimizdən tərpəndik.

Avtobusun pəncərəsinə dəyən yağış damcıları üzü aşağı sürüşürdü, lap elə yanağımdakı göz yaşları kimi.

Radioda hansısa şair vətənpərvərlik, birlik mövzusunda şeir oxuyurdu.

Top