Münasibətlər dolanbacı

Münasibətlər dolanbacı

Zamanə dəyişib... 
İnsanlar dəyişib... 
Dəyərlər dəyişib... 

Özümü bir sosial varlıq kimi dərk etdiyim gündən həyatlarında və ətraflarında baş verənlərin günahını absurd hədəflərdə axtaran insanların gileylərini eşidirəm. Hamı hansısa dəyişikliklərdən narazıdır, narahatdır. Hər kəs sadəcə geyimini dəyişib həyatının, ətrafındakı insanların dünyagörüşünün, münasibətlərin, qondarma və saxta dəyərlərin olduğu kimi qalmasını arzulayır. Bir kimsə dəyişmək istəmir — nə özünü, nə də yaşadığı cəmiyyətin məhəlli prinsiplərlə, dünyagörüşü ilə hasarlanmış sərhədlərini…

Hər kəs başqasının onun əvəzinə qəhrəmanlıq göstərməsini istəyir — sonra həmin qəhrəmanın necə əzab çəkdiyinə, məhrumiyyətlərə məruz qaldığına baxıb çəpik çalmaq üçün...

Pafoslu ləçərlik...
...Bu cəmiyyətin mənəvi-psixoloji, insani təməlləri bir titrəyişə bənddir. Toplumun sükuta qərq olmuş və "çəpik aqibəti" yaşamaq istəməyən aydınları isə müasirlik adına sırınan əxlaqsızlıqdan, möminlik adına qılınc çəkən xurafatdan, millətçilik adına cövlan edən boşboğazlıqdan, boğazdan yuxarı, saxta vətənpərvərlikdən, pafoslu ləçərlikdən yorulublar... 

Onlar, bəzilərinin öz natamamlıqlarını və bacarıqsızlıqları pərdələmək naminə iddia etdikləri kimi biganə deyillər. Əsla! Bir az yorğun, bir az da çaşqındırlar. Gerçəkliklə yalanın dolanbacında nə zamansa..., bəlkə də istiqlal günəşinin ilıq şüalarının təsirinin yaratdığı gələcəyə olan ümidlərinə yol axtarırlar...

...Tapacaqlarmı? Bu zamanın sualıdır və yəqin ki, cavabını da zamanın özü verəcək.

Dəyişməmək andı
...Mənə elə gəlir ki, biz dəyişməmək üçün sonuncu şansı da itirməyənədək dəyişməyəcəyik. Üzücüdür, amma təəssüf ki, gerçəklikdir — soyuq, buz kimi...

Zorən birgəlik
Maraqlıdır, görəsən düşüncəmizi, dünyagörüşümüzü məhdudlaşdıran, həyatımızı məhbəsə çevirən bəsit və qondarma «dəyər»lərə münasibətdə nədən bu qədər mühafizəkarıq?

Azərbaycan bəlkə də yeganə ölkədir ki, burada insanlar öz xanımları, uşaqları, yaxud digər ailə üzvləri haqqında söhbət açanda qarşı tərəfdən üzr istəyirlər. Elə bil ailə, oğul-uşaq sahibi olmaq böyük qəbahətdir. Amma yalan daşımaq, başqalarının haqqını yemək, rüşvət, oğurluq… qəbahət sayılmır. Ailə üzvlərimiz haqqında danışanda üzr istəməyimizi təsadüfən misal gətirmədim. Mənə görə, bu, dünyagörüşümüzdəki və həyatımızdakı nəhayətsiz çatışmazlıqların cizgilərini ifadə edən çox böyük bir natamamlıq kompleksidir. Çünki bu məqam məcburi birgəyaşayışın yazılmamış, qanundan, hüquqdan, gerçək insani dəyərlərdən uzaq qaydalarını diqtə edir, ailə və cəmiyyət, insan və şəxsiyyət arasındakı məsafənin sərhədlərini müəyyənləşdirir. 

Eşitmək və eşidilmək problemi
İnsanlar bir-birilərinin yaşam kriteriyalarını, dünyagörüşlərini, arzu və istəklərini anlamadan, anlamaq istəmədən, bölüşmədən, paylaşmadan ailə və cəmiyyət adlanan məcburi birgəyaşayışın üzücü şərtləri altında ömür sürməyə üstünlük verirlər. Bu məmləkətdə xəyanət yox, xəyanəti yaradan şərtlərdən imtina etmək qəbahət sayılır. 

Biz problemlərimizin həllini onların üzərini qondarma, saxta, bəsit «dəyər»lərlə, xurafat və məişət ənənələrilə qapamaqda, mövcud olanın mövcud olmadığını təsəvvür edərək yaşamaqda görürük. Açıq danışmırıq, problemlərimizi, qarşılıqlı münasibətlərdə ziddiyyətlərə rəvac verən çatışmazlıqları üz-üzə, göz-gözə müzakirə etməkdən çəkinirik… Müzakirə edəndə də hər kəs "öz həqiqətini" daha ucadan çığırmaqla haqlı olduğunu görüntüləməyə çalışır. Sübut etməyə yox, məhz görüntüləməyə!

...Dəyişmək istəmirik. Ola bilsin ki, kimlər üçünsə belə yaşamaq daha rahat, daha əlverişlidir. Ola bilsin...

Amma həyat təkcə bu gündən ibarət deyil.

Müəllif: Elçin Mirzəbəyli
Mənbə: baymedia.az  

Top