Şifahi nitq mədəniyyəti, adi danışıq tərzi, insanların bir-birləri ilə anlaşması və ünsiyyətdə olması, mahnılar, ifalar, adi telefon söhbətləri belə dilin inkişafında mühüm rol oynayır. Bu mənada dünyanin ən qədim və zəngin dilləri sırasında ana dilimizin də öz yeri vardır. Təsadüfi deyil ki, antik ədəbi abidələrimizdən olan “Kitabi-Dədəd Qorqud” dastanlarının dili bu gün də hamını heyran etməkdədir. Hər bir dilin zənginləşməsində isə gündəlik həyatda işlənən şifahi nitq mədəniyyətinin, adi danışıq tərzinin, insanların bir-birləri ilə ünsiyyətdə olmasnın mühüm əhəmiyyəti vardır. Bir sözlə, hər bir insanın söz demək, danışmaq, öz fikrini başqalarına çatdıra bilmək qabiliyyəti onun danışıq mədəniyyətinin göstəricisidir. Bəs biz necə danışırıq? Adi məişətdə, ictimai yerlərdə, işdə, bazar-dükanda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin gözəlliyini, zənginliyini, şirinliyini, danışıq mədəniyətimizi nümayiş etdirə bilirikmi? İşlətdyimiz sözlərin mənasına, vurğusuna, səsimizin tonuna diqqət yetiririkmi? Axı, ünsiyyət mədəniyyəti insanın digər bütün mənəvi keyfiyyətləri içərisində daha çox diqqət cəlb edir və dinləyənlərdə haqqımızda çox güclü təəssürat yaradır.
Paytaxt Bakinin ən müxtəlif guşələrində və ictimai yerlərdə jurnalist marağı ilə apardığımız müşahidələr göstərir ki, son dövrlərdə şifahi danışıq dilimiz öz əvvəlki cazibədarlığını, parlaqlığını, gözəlliyini itirməkdədir. Şəhərimizin küçələrində, ictimai yerlərdə, nəqliyyatda, park və xiyabanlarda, metroda dilimizin necə deyərlər qol-qabırğasını sındıran, əcnəbi və bayağı ifadələri, jarqonları ana dilimizin sözlərinə qatıb-qarışdıran, ən adi sözləri işlədərkən belə vurğunu düzgün deməyən, diksiyası bərbad halda olan, qışqıra-qışqıra, çığıra-çığıra danışan insanlara hər gün rast gəlmək mümkündür.
Öncə qeyd edək ki, müşahidələrimiz zamanı diqqəti cəlb edən ən maraqlı məqamlardan biri mobil telefon sahibləırinin danışğı oldu. Məlum bir həqiqətdir ki. yaşadığımız elmi-texniki tərəqqi əsrində çağdaş dünyamızı müasir kommunikasiya vasitələri olmadan təsəvvür etmək mümkünsüzdür. Bu sırada gündəlik həyatımıza inanılmaz dərəcədə daxil olmuş mobil telefonların əhəmiyyətini qeyd etmək olduqca vacibdir. Statistik məlumatlara görə, hazırda respublikamızda yaşayan əhalinin demək olar ki, yarısı sivilizasiyanın bu əvəzsiz nailiyətindən istifadə edir. Lakin gəlin görək mobil telefonlardan istifadə edənlərin hamısı ən adi etik qaydalara riayət edirlərmi? İşə gedərkən, işdən qayıdarkən adamların içərisində adi məişət qayğılarından, şəxsi problemlərdən tutmuş müxtəlif “razborkalardan”, sevgi macəralarından danışan, səsi ətrafı bürümüş adamların nəinki dilimizə, heç özünə də qiymət verməməsi yalnız təəssüf doğurur. Bu telefon danışıqlarına qulaq asarkən bəzən danışanın hansı millətə məxsus olduğunu, hansı dildə danışdığını belə ayırd etmək olmur. Yarı Azərbaycan, yarı ingilis, yarı rus və sair əcnəbi dillərdə səslənən belə “danışıq mədəniyyəti”nə sahib olanlara qulaq asdıqca ana dilimizin sabahı barədə narahat olmaya bilmirsən.
Danışıq dilimizin belə acınacaqlı və təəssüf doğuracaq bir durumda olmasının ən böyük səbəbkarları sırasında elektron KİV-lərin, milli telekanallarımızın “əvəzsiz xidmətləri” xüsusilə qeyd edilməlidir. O da bir həqiqətdir ki, hər bir xalqın dil mədəniyyətinin, canlı danışıq və ünsiyyət vasitəsi olan şifahi nitqin inkişafında televiziyalar daha geniş imkanlara malikdir. Adi bir məktəbli də çox zaman işlətdiyi sözləri və ifadələri məhz telekanallardan — diktorların və aparıcıların dilindən götürür. Bəs bu gün telekanallarımızda canlı Azərbaycan danışıq dilinin qanun və qaydalarına əməl olunurmu?
Təəssüflər olsun ki, bəzi televerilişlərdə aparıcılar dilimizi elə hala salırlar ki, sanki Azərbaycan dilini təzəcə öyrənən əcnəbi ana dilimizdə danışır. Ən xoşagəlməz cəhətlərdən biri isə bəzi gənclərin ana dilimizdə danışarkən əcnəbi sözlərdən yersiz istifadə etməsidir. Əlbəttə, gənclərimizin arasında xarici dil bilənlər az deyil. Bu hal təqdirəlayiqdir. Lakin xarici dil bilməklə öyünmək,başqalarına təşəxxüs satmaq, ədəbazlıq etmək, öz xalqına və ana dilinə yuxarıdan aşağı baxmaq ən böyük nadanlıqdır.
Bəzən elə gənclərə də rast gəlirsən ki, Azərbaycan dilində danışsa da, ingilis, rus, yaxud digər etnik dillərə xas olan intonasiyadan istifadə etməklə özünü ekstravaqant, müasir, xarici ölkədə təhsil almış “mədəni” bir adam kimi tanıtmağa çalışır. Belə üzdəniraq soydaşlarımız ana dilimizdə danışarkən bir çox sözləri yanlış tələffüz edir, vurğunu kobudcasına pozurlar. Məsələn, ana dilimizdə çox geniş işlənən sözlərdən biri ARZU-dur. Bu sözü tələffüz edərkən bir qayda olaraq vurğu son hecanın (“u” hərfinin) üzərinə düşür. Son zamanlar nəinki adi vətəndaşlar, hətta bəzi tanınmış ziyalılarımız da bu sözü işlədərkən vurğunu sözün ilk hərfi olan “A” foneminin üzərinə çəkib gətirir. Nəticədə çoxişlənən bir söz vurğu yükünü itirdiyi üçün “əcaibləşir” və mənasızlaşır. Belə yad nümunələrə hər addımbaşı rast gəlirik.
Danışıq mədəniyyətimizin korlanmasına rəvac verən digər bir amil isə son dövrdə geniş miqyas almış şou-biznes sahəsində fəaliyyət göstərən kosmopolitlərdir. Bir də görürsən ki, məşhur xalq mahnımızı, məsələn, “Qara gilə”ni hansı bir “sənətçisə” bayağı bir formada ifa edir. Yaxud tanış bir mahnının sözlərini düzgün tələffüz etməyən müğənninin nə dediyini anlamaq, krossvord həll etməyə bənzəyir. Belə “ifalar” ana dilimzi bərbad hala salmaqla yanaşı, nitq mədəniyyıtimizin inkişafına da böyük zərbə vurur. Ana dilimizin, danışıq mədəniyyətimizn “başında turp” əkən belə “şou-biznes alverçilərinə”, təəssüf ki, heç bir nəzarət yoxdur.
Sonda keçmiş illərin məşhur bir mahnısının sətirlərini xatırlatmaq istərdim: “Ana dilim şirin dil, öz dilimdir şirin dil”. Gəlin, əsrlərin, qərinələrin şirinliyini, şəhd-şəkərini özündə yaşadan ana dilimizin, danışıq mədəniyyətimizin saf çeşməsini yad, lüzumsuz, bayağı “qatqılarla” zibilləməyək.
Cəlal Tağıyev