Dialoq nədir?
— Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Bir məni başa sal görüm dialoq nə deməkdi?
— Dialoq o deməkdi ki, o deyir- bu deyir, o deyir- bu deyir… və axırda «o» deyir.
Təbriklər
Hörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10- 15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibətilə təbrik edirəm.
İş məhkəməlik olacaq
Son zamanlar qəzetlər elə şeylər yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir iqtidarda elə adamlar var ki, müxalifətə " işləyir ". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara " işləyir ".
Bu yaxınlarda isə qəzetdə bir şey oxumuşam. Yazır guya iqtidarda elə adamlar var ki, xalqa işləyir.
Elə o gündən bütün məmurlar bir- birinə dəyib həmən adamı axtarırlar...
Aforizmlər
Bazar insan həyatıdır, həyat isə insan bazarı.
* * *
Qeyri müsəlmanlar dünyaya lüt gəlir, geyimli gedir. Bizimkilər isə lüt gəlir, lüt ömür sürür, lüt də gedir.
Elanlar
Millət vəkiliyəm. Seçildiyim gündən yalniz öz mənafeyimi güddüyümdən seçicilər arasında etibarımı itirmişəm
* * *
Qarabağ müharibəsində fürsətdən istifadə edərək qonşularımın evini yarıb Bakıya qaçan gündən vicdanımı itirmişəm.