Çirkin bir qadına kişilərin necə heyranlıqla tamaşa etməsinin şahidi olmusunuzmu? Adi bir misal. Məşhur müğənni və aktrisa Barbara Streyzend Hollivudun ən çirkin qadınıdır. Buna baxmayaraq, o, həm də ən arzuolunan qadındır. Gündəlik həyatımızda da belə hallara az rast gəlmirik. Maraqlıdır, görəsən, bu qadınlar nə ilə diqqət mərkəzində qala bilirlər? Əvəzsiz şarm, hədsiz cazibə, qüsursuz zövq və parlaq stillə! Fransızlar hesab edirlər ki, hər bir qadın mütləq şarma və fərdi stilə malik olmalıdır. İndi bütün dünyada qadınlar öz imicləri üzərində gecə-gündüz çalışırlar. Əgər sizi də bu az-çox maraqlandırırsa, onda bəzi məsləhətlərlə tanış olun. Amma unutmayın ki, hər yaşın öz gözəlliyi var!
14-18 yaş - qızların həm fiziki, həm də psixoloji cəhətdən formalaşdığı dövrdür. Bu yaşda olan qızlar imiclərini, əsasən, sevdikləri artistlərə, kumirlərinə bənzəmək üzərində qururlar. Yeniyetmə qızınızın rok ulduzları kimi geyinmək həvəsi sizi qorxutmasın. Onlar üçün şəxsi stil seçmək, qərar qəbul etmək hələlik çox çətindir. Yeniyetmələrdə özünə inamsızlıq və seçilmək hissi çox güclü olur. Müasir yeniyetmələr idman, cins stillərinə üstünlük verirlər. Lakin yeniyetmə qızlar da ümumi qaydalara tabe olmalıdırlar. Bu yaşda olan xanımlar, makiyajdan istifadə etməyin! Böyük görünmək arzusu sizə ananızın paltarlarını geyinmək və qadın kimi bəzənməyinizə əsas vermir. Ümumiyyətlə, klassikadan uzaq olun. Əgər düzgün bədən quruluşuna maliksinizsə, dar cins, şalvar, hədsiz qısa olmayan mini yubka, mayka geyinin. Hələ ki, bunu etmək imkanınız var.
18-25 yaşda bütün qızlar artıq formalaşırlar. Bu qadın gözəlliyinin ən zirvə mərhələsidir. Bu yaşda qadınlarda "Kim olmaq?" sualı meydana çıxır. Həm ixtisas, həm də stil baxımından. Qızlar xarici görünüşləri barədə ən çox elə bu yaşda düşünməyə başlayırlar. Siz nə etməlisiniz? Özünü əsl qadın kimi tərbiyə etməli, diqqəti individuallığa yönəltməli, özünüzdə sayılan şəxsiyyət yetişdirməlisiniz. Lakin təqlid yolu ilə yox! Maksimum dərəcədə zərif olun. Bütün bəzək aksessuarlarından istifadə etmək imkanınız var. Bundan yararlanın.
25-35 yaş. 30 yaşı keçmiş qadının artıq konkret stili olmalıdır. İndi siz qadın gözəlliyinin, yetkinliyinin ən parlaq mərhələsindəsiniz. Bu yaşda qadın özünə əmin olduğu qədər də açıq fikirli olur. Siz artıq öz üstünlüklərinizi bilirsiniz və onlardan yerində istifadə etmək imkanına maliksiniz. Gözəl geyinmək fürsətini əldən verməyin. İşdə və adi həyatda ayrı-ayrı imiclərə malik olmalısınız. Modanın dalınca qaçmayın, lakin ona biganə də yanaşmayın. İstifadə etdiyiniz bəzək əşyaları mütləq nəcib metallardan və qiymətli daşlardan olmalıdır.
35-45 yaş qüsursuz gözəllik mərhələsidir. Hisslərin ən yüksək mərhələsindəsiniz, bu, əsas üstünlüyünüzdür. Bu yaşda qadınlar qüsursuzluğa can atırlar. Qarderobu diqqətlə seçir, bahalı ayaqqabı və zinət əşyalarına üstünlük verirlər. Bu yaşda ümumi stil seçilsə də, bəzi toqquşmalar olur. Geyimdə və makiyajda yüngüllükdən, ifrat dərəcədən uzaq olun. Ekstravaqant saç düzümlərindən və gənclərə uyğun modalardan istifadə etməyin.
45-55 yaşda da qadın gözəldir! Bu illər eleqantlığın təcəssümüdür. Bu dövrü yaşayan qadınlar öz dəyərlərini bilirlər, inamlıdırlar və şəxsi imkanlara malikdirlər. Həyata rəngli şüşə arxasından baxmırlar. Bu yaşda qarderob bir də yeniləşir. Geyimdə və makiyajda qüsursuz rəng qamması, bahalı və mütləq hündür daban ayaqqabılar sizin əsas seçiminiz olmalıdır. Unutmayın ki, illər sizdən özünüzə daha diqqətlə yanaşmağı tələb edir. Üzə, bədənə, saçlara xüsusi fikir verin. Emosiyalarınızı boğun, ekstravaqantlıqdan uzaq olun. Ərköyünlüyü bu yaşda birdəfəlik unutmaq lazımdır! Zinət əşayalarına gəlincə, sizə yalnız brilyant yaraşır!
Təbii ki, bunlar yalnız ümumi məsləhətlərdir. Amma hər halda imic seçərkən bu qaydalara əməl etsəniz uduzmazsınız.
Mənbə: Bizim Əsr jurnalı
Həmçinin bax:
Həm gözəl,həm də evdar qadınların sirri