Tez-tezmi bu sözü eşidirsiniz?“Hökumətin işlərinə başını soxma, tutub atarlar içəri, sındırarlar”.
Məsləhət: Siz buna əməl etməyin. Hər gün, hər an siyasətə qarışın. Çünki siz qarışmasanız da, siyasət sizə baş qoşacaq. Amerikada yaşayan rəfiqəm deyir ki, ölkədə keçirilən prezident seçkiləri zamanı çoxları bundan xəbərsiz idi. Çünki ora Amerikadır. Kimin başçı olmasından asılı olmayaraq, dövlət nazirlərlə deyil, qanunlarla idarə olunur.
Tez-tezmi marşrutda sürücü ilə dalaşırsınız? Bu zaman başqa sərnişinlər sürücünün deyil, sənin üstünə düşür: “Sürücünün başını qatma. Səsini kəs”.
Məsləhət: Səsinizi kəsməyin. Bu haqqı sizə Ulu Yaradan verib. Haqqınızı tələb edin. Hər yerdə.Rusiyada yaşayan qohumum deyir ki, burada marşrut avtobusundakı oturacaqlar dolandan sonra nə marşrut dayanır, nə də kimsə qapıdan içəri girir. Çünki yerlər artıq tutulub. Heç kəs ayaq üstə dayanmaq istəmir.
Tez-tezmi yolunuz metrodan düşür? Və siz basırıqda ayaqlarınızın tapdalanmasından qıcıqlanırsınız?
Məsləhət: Gecə ayaqlarınızı evdə isti suya qoyun. Sözsüz ki, Bakı şəhərində istədiyin vaxt isti su tapmaq istədiyin vaxt padşah olmağa bərabərdir. Odur ki, qaz yandırıb, su qızdırın. Yəqin ki, qaz da olmayacaq və ya çox zəif olacaq. Eybi yoxdur, dözün. Ola bilər ki, su kəsilər. Bu zaman aftafada qalan sudan da istifadə etmək olar. Əsası odur ki, ayaqlarınızı isti suya qoymağı qarşınıza məqsəd qoymusunuz. Və bu məqsədinizə çatmaq üçün qabağınıza çıxan bütün maneələri dəf etməlisiniz.
Bu zaman daha bir problem ortaya çıxacaq. Enerji daşıyıcılarının qiyməti qalxdığından “xozyaykanız” sizə “qaz bahadır, su qızdırma” əmrini verəcək. Bu anda siz onun üstünə daha bərk qışqırıb, “verdiyim pul gözündən gəlsin” deyin. Və tələsik qazı yandırıb, su qızdırın. Özünüzü yazıq və mağmın kimi göstərməyin. Belə olanda minik atına dönmə təhlükəsi sizi hər an yaxalaya bilər.
Gürcüstanlı qonşum deyir ki, Tiflisə çatan kimi cumuram hamama (yazıq neyləsin, Azərbaycanda su qıtlığı çəkib). Deyir ki, bütün günü hamamda qaynar su olur. Duşu açırsan, elə bil göydən başına leysan yağır.
Tez-tezmi uşaqlarınız məktəbdən evə gəlib: “Müəllim dedi, sabah pul gətirməsən, məktəbə gəlmə” deyir?
Məsləhət: Bu zaman uşaqlarınıza başa salın ki, təhsil naziri Misir Mərdanov qəti tapşırıq verib ki, müəllimlər şagirdlərdən rüşvət almasın. Odur ki, övladınızla birgə məktəbə gedib, həmin üzdəniraq müəllimi saçlaya bilərsiniz. Bunu mütləq edin. Birdən uşağınızdan rüşvət istəyən müəllimi məhkəməyə vermək fikrinə düşərsiniz. Nəbadə. Onsuz da heç nəyi sübut edə bilməyəcəksiniz.
Türkiyədə müəllim şagirddən rüşvət alarkən gizli kameraya düşür. Və bu kadrlar bütün ölkədə müzakirə mövzusuna çevrilir. Bizdə isə adamlar tində-bucaqda hansı şou ulduzunu hansı məmurun saxladığını və onların yataqda nə etdiklərini müzakirə edirlər.
Tez-tezmi uşaqlarınızı gəzməyə çıxarırsınız?
Məsləhət: azyaşlı uşaqları tez-tez zooparka aparın və onlara heyvanlar aləmi haqqında məlumat verin. Qeyd edim ki, bu ölkədə uşaqların gəzintisi üçün ən önəmli yer zooparkdır. Zooparkda uşaqlarınıza heyvanlarla adam kimi rəftar etmək qaydalarını öyrədin. Axı bizə heyvanlarla elə heyvan kimi davranmağı öyrədirlər.
Eyni zamanda, uşaqlarınıza imkan verməyin ki, meymuna əl çalmaq öyrətsinlər. Onlara başa salın ki, tülkü, çaqqal və şir ətlə qidlanır. Sadəcə, bu heyvanları pisə və yaxşıya insanlar ayırıb. İnsanlar heyvanları da özlərinə oxşatmağa çalışıblar. Guya şir yaxşdır, tülkü pis. Əslində hər ikisi heyvandır və acanda qabaqlarındakının nə əti olmasının fərqinə varmırlar. İstər insan, istər heyvan əti olsun. Şirə on görə mərd deyirlər ki, pəncəsi iri, yumruğu güclüdür.
Bir də xahiş edirəm, uşaqlarınıza izah edin ki, poniləri minməsinlər. Gücsüzü minmək insanlıqdan deyil. Əgər imkanınız olsa, onlara pələngləri minməyi öyrədin. Qoyun böyüyəndə əsl İNSAN olsunlar.
Mənbə: Bizim Yol
Müəllif: Arzu ABDULLA
[email protected]