Nədən Azərbaycanda şəhər deyiləndə yalnız Bakı nəzərdə tutulur, qalan bütün şəhərlər isə rayon adlanır?
Azərbaycan əhalisi arasında yayılmış ifadə stereotiplərindən biri də yer adlarının təsnifatı ilə bağlıdır. Məsələn, bizim ölkədə şəhər deyiləndə ancaq (Bakı) nəzərdə tutulur. Tutaq ki, biri ölkənin başqa bir şəhərindən- məsələn, Mingəçevirdən paytaxta qayıtdıqda ondan soruşurlar ki, "kənddə nə var nə yox" və ya "irayonda vəziyyət necədir"? Halbuki, Mingəçevir nə rayon deyil, nə də kənd, 100 mindən artıq əhalisi olan şəhərdir.
Yaxud bölgələrdən (lap elə Sumqayıtdan) bir nəfər Bakıya gedəndə "şəhərə gedirəm" deyir. Hansı şəhərə getdiyini soruşsan, sənə "dəvə nalbəndə baxan kimi" baxacaq. Çoxları "paytaxt" sözü ilə "şəhər" sözünü sinonim kimi anlayır.
Bu günlərdə Bakıdakı reklam lövhələrində bəzi bankların və məişət avadanlığı satan mağazaların belə bir qeydinin şahidi olduq- Artıq rayon qeydiyyatında olanlar da kreditlə kompüter əşyası ala biləcəklər. Bu nə deməkdir- heç cür anlamadıq. Belə çıxır ki, indiyədək məsələn, Səbail rayonunda qeydiyyatda olanlar kreditlə kompüter ala bilmirdilər və ya bu kampaniya Naftalanda yaşayanlara aid deyil.
Çünki, ölkə əhalisinin 90 faizi (respublika tabeliyində olan şəhərlərin əhalisini çıxmaqla) rayon qeydiyyatındadır. Bakıda yaşayanlar da, Gəncədə yaşayanlar da. Çünki bu şəhərlər də rayonlara bölünüb və sakinlər həmin rayonların qeydiyyatındadır. Aydındır ki, şirkətlər Bakıdan kənarda yaşayanları nəzərdə tuturlar, amma seçilən ifadə düzgün deyil.
Məlum olduğu kimi, "şəhər" anlayışı paytaxt olmaqla və ya böyük olmaqla qəbul olunmur. Şəhərin öz göstəriciləri var- bunun böyük və ya kiçikliyi, paytaxt və ya region şəhəri olması önəm kəsb etmir. Məsələn, Danimarkada əhalisi 2000 nəfəri ötən bütün yaşayış məntəqələri şəhər statusu daşıyır. Azərbaycanda isə 10 mindən artıq əhalisi olan kəndlər var.
Ümumiyyətlə, qəbul olunmuş normalara görə, əhalisinin yarıdan çoxu qeyri-aqrar sektorda çalışan, müasir infrastruktura mailk olan iri yaşayış məntəqələri şəhər statusu ala bilər.
İnzibati, coğrafi ərazi bölgülərini və ya rayonla şəhərin fərqini bilməyənlər üçün qısa arayış:
Azərbaycan ərazisi 66 rayona bölünüb. Bunlardan 7 rayon və 1 şəhəri birləşdirən 1 muxtar respublika (Naxşıvan MR) təşkil olunub. Həmçinin ölkədə respublika tabeliyi olan (heç bir rayona daxil olmayan) 14 şəhər var. Ümumilkdə isə, ölkədə 75 şəhər var. Elə rayonlar var ki, orada 2 şəhər var- məsələn, Cəllilabad, Xaçmaz, Lənkəran və s.)
Rayonun qısa tərifi- hər hansı bir coğrafi və ya inzibati ərazi. Yəni, rayon konkret bir yaşayış məntəqəsi deyil, bu məntəqələrin birləşdiyi bölgədir. Rayon (bölgə ifadəsi daha düzgün olardı) anlayışı inzibati ərazi vahidi olaraq özündə çoxsaylı yaşayış məntəqələrini (şəhərlər, qəsəbələr, kəndlər) və coğrafi məkanları (dağlar, çaylar, göllər, düzlər və s.) birləşdirən məhfumdur. Elə rayonlar var ki, tərkibində 2-3 şəhər var. Adətən rayonun inzibati mərkəzi şəhər olur.
Şəhərin qısa tərifi - böyük, mərkəzləşdirilmiş və ərazicə məhdudlaşdırılmış yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. İri şəhərlər rayonlara bölünür. Bakı və Gəncənin özü də rayonlara bölünür. Deməli rayon anlayışı təkcə paytaxtdan kənarda yerləşən yaşayış məntəqələrinə aid deyil.
Beləliklə, aydın olmur ki, irili-xırdalı 75 şəhəri olan ölkədə niyə şəhər deyiləndə yalnız Bakı nəzərdə tutulur? Niyə yüzminlərlə əhalisi olan digər böyük şəhərlərə (məs. Gəncə, Mingəçevir, Şirvan və s) rayon deyilir?
Maraqlı suallardır, amma cavabını tapmaq asan deyil. Çünki bir çox hallarda bu cür ifadələri ziyalılar, millət vəkilləri, nazirlər belə işlədir. Bir çox televiziya aprıcıları da rayonla şəhərin fərqini anlamırlarsa, o zaman sadə insanlardan nə gözləmək olar?
Belə savadsız yazılmış reklam sloqanı nüfuzlu və ciddi şirkətlərə, mediadakı çıxışlarında bu terminləri ayıra bilməyən "ziyalı"lara başucalığı gətirməz. Ümumiyyətlə, reklamlarda yol verilən kobud səhvlərin və savadsız çağırışların sayı çoxdur. Bu yazıda sadəcə birinə toxunduq ki, hamısı nəticə çıxarsın- "ay qızım sənə deyiəm, ay gəlin sən eşit!".
Mənbə:modern.az