Qız qaçırma və ona münasibət

Qız qaçırma və ona münasibət

Azərbaycanını bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Bu ənənə indi də qalmaqdadır. Baxmayaraq Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir.

Ölkəmizin bəzi regionlardakı adət-ənənəyə görə qızı zorla qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etməz. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.
Araşdırmalar göstərir ki, keçmişdə çox vaxt qızın ailəsinin oğlan evindən tələb etdiyi yüksək məbləğdə "başlıq pulu"nun ödənməməsi üzündən qız qaçırmaya əl atılırdı. İndi isə ya qızın ata-anası razı olmayanda, ya da onun özü oğlanı istəməyəndə qaçırılma yoluna əl atırlar.
Ümumilikdə Azərbaycan cəmiyyətində qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var.

Qız qaçırma ənənəsi, yaşlı və orta nəslin fikri


Respublika baş prokurorun müavini Namiq Əsgərov bir müddət öncə bildirib ki, 2008-ci ildə respublikada 18 qız zorla qaçırılıb. 2009-cu ilin 10 ayında isə ölkənin müxtəlif regionlarında 15 qız qaçırma halı qeydə alınıb. Təbii ki, statistika gerçəyi əks etdirmir.
Onu da qeyd edək ki, ümumi göstəriciyə nəzər saldıqda qız qaçırma halları ölkənin Cənub-qərb bölgəsində daha çoxdur.

76 yaşlı Füzuli rayon sakini Əzizə nənə deyir ki, 16 yaşında bir oğlana qoşulub qaçıb: "Keçmişdə qız qaçırmaq dəbdə idi. Kənd yerində buna pis baxmırdılar. Ona görə göyçək bir oğlana qoşulub qaçdım. Amma oğlanı yaxşı tanımırdım. Rəhmətlik anam mənə dedi ki, qaç. Həm də qız qaçanda valideyinlərin işi yüngülləşir axı... Sonra arxamca anam tərəfin qohumları gəldi. Mən öz razılığımla gəldiymi dedim, çıxıb getdilər. Toyumuza kimi, ağsaqqallar toplaşıb iki ailəni barışdırdı".
Əzizə nənə deyir ki, nəvələrinin heç birinə qaçmağı (qaçırmağı) məsləhət bilmir: "23 nəvəm, 5 nəticəm var. Amma istəmərəm hansısa biri bu addımı atsın. Çünki indi zəmanə o zəmanə deyil. Şərait, imkan, yaxşıdır. Aiələnin razılığı və elçiliklə toy  eləmək lazımdır".

81 yaşına qədəm qoyan Murtuza baba qızın qoşulub qaçmasının tərdarıdır: "Bizim dövrümüzdə qızın ailəsi oğlan evindən "başlıq pulu" tələb edirdi. Elə mən də bu səbəbə görə o vaxt seçdiyim qızı qaçırdım qohumlarımdan birinin evinə. Ancaq sonra ağsaqqalların köməyi ilə tərəflər yola gəldi".
Murtuza babagilin kəndlərində qız qaçırma halları tez-tez baş verirmiş: "Qızın ata-anası razı olmayanda, ya da özü oğlanı istəməyəndə zorla qaçırırdılar. Hətta kənddə bir dəfə qız qaçırma ölüm hadisəsi ilə nəticələnmişdi. Qızın qardaşı onun bu hərəkətini bağışlamayıb, bacısını öldürmüşdü".

Orta yaşlı nəslin nümayəndəsi Zəminə Nəsirova qızı qoşulub qaçdığı üçün onu bağışlaya bilmir: "Beş ildir ki, qızımla əlaqə saxlamağa yoldaşım icazə vermir. O, bu hərəkəti ilə bizi yerə vurdu. Yaxşı ailə olmadıqları üçün biz qızımızın istədiyi oğlanla ailə qurmasına razılıq vermədik. O, da qoşulub qaçdı".

İstədiyi oğlana qoşulub qaçan Aybəniz Məmmədova bu hərəkətinə görə peşiman deyil: "Üç ildir ki, evliyik. Çox mehriban da dolanırıq. Qaçmağımın da səbəbkarı ailəm oldu. Məni başqa birinə verirdilər. Mən də bu yolu seçməli oldum".
Bu sarıdan bəxti gətirdiyini deyən Aybəniz ailəsi ilə də barışıb: "Bir il valideynlərim məni danışdırmadılar. Ancaq əlacsız qalıb axırda ağsaqqaların köməyi ilə barışdıq. Qaçan vaxt polisin də müdaxiləsi olmuşdu. Çünki orta məktəbdə oxuyurdum. Bunu da birtəhər yoluna qoya bildik".

Qız qaçıran Namiq Babayev də həyat yoldaşını qaçırmağa məcbur olub: "Mən Ağdam rayonundan olduğum üçün qız tərəf məni istəmirdi. Guya biz tərəf arvadı yaxşı saxlamır. Amma sonradan özləri səhvlərini başa düşdülər".

Şövkət  Quliyeva isə qoşulub qaçdığı üçün peşmançılıq çəkdiyini deyir: "Ailə qurduğum insan mənə subay olduğunu demişdi. Evdə məndən böyük 3 bacım olduğu üçün bilirdim ki, məni ona verməyəcəklər. Qoşulub ona qaçmağa məcbur oldum. Heç toyum da olmadı. Sonra mənə məlum oldu ki, oğlan evli imiş. Valideyinlərimin köməyi ilə ondan ayrıldım. İnanın ki, indi çox peşiman olmuşam".

Esmira Mehdiyeva qoşulub qaçandan bəri ailəsi ilə əlaqə saxlaya bilməyib: "7 ilə yaxındır ailəm məni danışdırmır. Bəlkə də onlar haqlıdır. Çünki səhv məndə olub. Əgər indiki ağlım o zaman olsaydı, heç vaxt qaçmazdım".

Gənclər nə düşünür?

Qız qaçırma ənənəsinə subay gənclər də müxtəlif fikirlər bildirdilər.

24 yaşlı Samir Cəfərovun münasibəti ikilidir: "Əgər qızın öz razılığı yoxdursa, o zaman onu qaçırmaq ağılsızlıq və həm də gələcək ailə həyatı üçün problemlidir. Ancaq problem hər hansı tərəfin valideynindədirsə, o zaman bu barədə dərindən düşünmək və imkanları nəzərə almaq lazımdır. Çünki qızı qaçıran oğlan sonradan maddi və ya başqa problem yaşamaq təhlükəsi ilə üz-üzədirsə, o zaman qızı qaçırıb onu bədbəxt etməyə dəyməz. Mənim özümə qaldıqda, doğrusu, bu barədə heç vaxt düşünməmişəm. Amma mən istənilən riskə gedə bilən insanam, çox güman ki, belə bir situasiya ilə üz-üzə qalsam, qaçırma əməliyyatından istifadə edə bilərəm".

21 yaşlı Günay Kərimovanın qoşulub qaçanlara münasibəti pisdir: "Bunu heç qəbul edə bilmirəm. Çünki mənim üçün öncə ailəmin fikridir. Ümumiyyətlə, qızın qoşulub qaçması onun üçün baş alçaqlığından başqa bir şey deyil".

Digər subay Sirac Ələkbərov bu məsələdə optimistdir: "İndiki zəmanədə danışıqlarla həll olunmayacaq məsələ yoxdur. Bu təbii ki, ailə münasibətlərinə də aiddir. Ailəm mənə inanırsa və mənə hörmət edirsə, deməli, mənim seçimimə də hörmətlə yanaşacaq. Məncə müasir dövrdə belə radikal ailələr çox az qalıb".

Lalə Kazımovanın fikri mənfidir: "Qız qaçırmaq keçmişin dəbi idi. Adətən bir-birini sevən iki gənci ayırmağa çalışan valideynlərin bu hərəkətlərinə etiraz xarakteri daşıyırdı. Bu gün isə heç də aktual deyil. Bəlkə də ola bilər, amma bildiyiniz kimi, sonu qazamatdır. Çünki qanunda - "adam oğurluğu"na aid xüsusi maddə var və cəzası da ağırdır".

Yaqut Ağayeva da buna normal yanaşmır: "Ən azı ona görə ki, valideyinlərin xeyir-duası olmur. Bu isə mənimçün çox vacibdir. Fikrimcə, qız qaçırma halları əksər hallarda işin maddi tərəfi ilə bağlı olur".

Qız qaçırma adam oğurluğuna bərabərdir

Qeyd edək ki, Cinayət Məcələsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.
Hüquqşünas Rafiq Alışov Cinayət Məcəlləsində göstərilənləri düzgün hesab edir: "Əgər qız nigah yaşına, yəni 17 yaşına çatmayıbsa və məcburi qaçırılırsa, bu, adam oğurluğuna bərabərdir. Cinayət Məcələsinin 144-cü maddəsinin bir neçə maddəsində bu məsələ tam əks olunub. Belə ki, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası, olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza, zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur. İnsana mənəvi, psixi təsir göstərilirsə, təbii ki, bu oğurluqdur. Ancaq nigah yaşı tamam olan qız öz istəyi ilə gedirsə, bu zaman cinayət işi açılmır".

Qoşulub qaçmaq dində günah sayılır

"Təzə Pir" məscidinin axundu Hacı Faiz deyir ki, qızın qoşulub qaçması dində qadağan edilir: "İslam nöqteyi-nəzərindən qızın məcburi qaçırılması günahdır. Ancaq adət-ənənə də var. Bəzən olur ki, ata-ana razı olmur, ya da müəyyən problemlərə görə qoşulub qaçırlar. Ümumiyyətlə, kəbinsiz qızın başqa oğlanın evində qalması böyük günah sayılır. Hətta bəzən toy olur, qız 2-3 aylıq hamilə olanda kəbin kəsdirirlər. Bu, İslamda haram hesab edilir. Bütün bunun günahı ilk növbədə valideyinlərin boynunda qalır. Çünki cavanların bir az ağlı kəsmir, riskə gedirlər".

"Polis strukturlarında psixoloq olmalıdır"

"Qadın Krizis Mərkəzi" nin rəhbəri Mətanət Əzizova son zamanlar bu halla bağlı müraciətlərin sayının azaldığını deyir: "2002-2003-cü illərlə müqayisədə son illər bizim mərkəzə edilən müraciətlərin sayı xeyli azalıb. Ola bilsin bu, Cinayət Məcəlləsinə edilən dəyişikliklə bağlıdır. Ancaq o demək deyil ki, bu problem tam həll edilib. Hələ də bölgələrdə problem qalmaqdadır".
M.Əzizova polis strukturlarında psixoloqlara ehtiyac olduğunu deyir: "Bəzən olur ki, oğlan qızı hədələyir. Qız da məcbur olub öz xoşu ilə qaçdığını deyir. Bizə edilən müraciətlər arasında belə bir hadisə olmuşdu. Nəticədə oğlan narkotika xatrinə xarici ölkələrin birində qızı satmışdı. Bu məsələni araşdıran hüquq-mühafizə orqanlarında psixoloqa ehtiyac var. Çünki müstəntiq oğlanı dindirərkən sualları düz vermir, qız və oğlanı eyni otaqda oturub sorğu-sual edir. Ancaq xarici dövlətlərin polis strukturlarında psixoloq fəaliyyət göstərir. Çünki onlar ünsiyyətin necə qurulmasını yaxşı bilirlər".
M.Əzizova qoşulub qaçan qızlarda gərgin psixoloji durumun yarandığını deyir: "Çünki məcburi intim həyatı qurmaq, ondan uşaq dünayaya gətirmək qadın üçün böyük zərbədir. Onlar arasında hətta özünə qəsd etmək istəyənlər də olur.  Məcburi qaçırılan qız bizə məktubda yazmışdı ki, əgər intihar etsə onun səbəbkarı birgə yaşadığı insandır.

Valideynlər də uşaqlarının bu hərəkətinə laqeyd yanaşır və deyirlər ki, məcbur olub yaşamalısan. Çünki özbaşına ərə getmisən. Bu da qadının psixoloji gərginlik yaşamasına gətirib çıxarır. Ailədə münaqişələr yaşanır. Qoşulub qaçan qız ailəsinə də qayıda bilmir. Çünki valideyinlər qəbul etməyəcək".

Psixoloq Azad İsazadə  deyir ki, hər qız qoşulub qaçma qərarı qəbul edə bilməz: "Çünki bu faktiki ailədən imtina etmək deməkdir. Qız getdiyi ailədə də psixi təsirlərə məruz qalır. Bir sözlə, çoxlu sayda fəsadlar yarana bilər. Ona görə də ilk növbədə çalışmaq lazımdır hər iki ailə barışsın. Çünki artıq hər şey olub keçib".
Psixoloq orta məktəblərdə təbliğat aparılmasını vacib sayır: "Qızların əksəriyyəti orta məktəbdə oxuyarkən erkən izdivaca girirlər. Bunun qarşısını almaq üçün məktəblərdə seminar və treninqlər təşkil olunmalı, daim psixoloq uşaqlarla bu barədə söhbət etməli və ailə həyatı haqqında onlar məlumatlandırılmalıdır".

Müəllif: Günay Musayeva-modern.az
Top