O gün işdən evə qayıdırdım. Avtobus dayanacağında böyük bir tıxac vardı. Beş-altı avtobus buraxandan sonra nəhayət birinə minə bildim. Təbii ki, otura bilmədim, ayaq üstə isə narahat dayanmışdım. Belə ki, onurğa sütunum əyilmiş, başım yana sallanmış, bir ayağım da havada qalmışdı. Bir yandan da konduktorun "bir az da mehriban olun!" ifadəsi məni lap əsəbiləşdirmişdi. Şoru motala sıxdıqları kimi, camaatı da avtobusun salonuna sıxıb qapını bir neçə dəfə çırpdıqdan sonra nəhayət ki, bağladılar. Elə bu zaman ah-nalə səsləri ərşə ucalmağa başladı: "vay öldüm!"; "adam ol da, ayağımın üstünə niyə çıxırsan?; "bir az aralı dur da!"; "yavaş, böyrəyim deşildi!; "vay qoluuum!"... Bu güclülərin səsi idi. Zəiflər isə heç səslərini çıxara bilmirdilər. Içəridə qocadan tutmuş balaca uşağadək hər nəslin nümayəndələri var idi. Kimi oturmuş, kimi də o basabasda öz canı ilə əlləşirdi.
Bu arada mənim diqqətimi bir hadisə çəkdi. Bir qadın öz balaca uşağı ilə iki oturacağı zəbt etmişdi. O basabasda konduktor bunu görüb cəld soruşdu: "Xala, uşağın pulunu verəcəksən?". Qadın cavab verdi: "Xala sənin anandı, tərbiyəsizin biri tərbiyəsiz! Bir də ki, niyə vermirəm ədə?!". Konduktor səsini içinə saldı. Mən isə özümə bu hadisədən samballı bir nəticə çıxardım.
Tərbiyədən söhbət açan kəsin gərək özünün tərbiyəsi olsun. Amma bu adamın tərbiyə haqqında heç təsəvvürü belə yox idi. Çünki Azərbaycanda, xüsusən Bakı kəndlərində mən uşaqlıqdan belə görmüşəm ki, yaşlı kişi və ya qadın avtobusa daxil olanda, kiçiklər ona yer veriblər. Bu bizim evdə aldığımız tərbiyənin göstəricisidir. Hər halda biz bu cür böyümüşük, bu cür görmüşük və çalışırıq ki, bu cür də olaq. Amma bu qadın nəinki özü yaşlıya yerini vermir, hələ üstəlik uşağı da qucağına götürmür ki, heç olmasa, bir yaşlı adam orada otursun. Sonra da tərbiyədən danışır. Bununla da o, belə əməli ilə öz övladına tərbiyə bəxş edir ki, balam, adam böyük üçün ayağa durmaz. Niyə də durmalısan, axı sən pul verirsən.
Başqa bir məsələ də mənə ağır gəlir. Avtobusa hamı birinci minməkdən ötrü bir-birinə elə təzyiq göstərir ki, elə bil içəridə dollar paylayırlar. Bəli məsələ aydındır. Hamı rahat oturmaq istəyir. Heç kəs ayaq üstə getmək istəmir. Yaşlılar, zəiflər təbii ki, bu "yarışı" uduzub bir kənara çəkilirlər. Siz deyin, bu meşə qanunu deyilmi? Zəiflər, gücsüzlər məgər elementar hüquqlardan belə məhrummu olmalıdırlar?
Yaşlısına hörmət etməyən millətin axırı dəhşətli faciələrlə bitər. Görün biz nə vəziyyətə düşmüşük ki, adi etik qaydalara, ilk baxışdan kiçik görünən çox böyük dəyərlərə belə əməl etmək istəmirik. Sonra da hay salırıq ki, bizim hüquqlarımızı tapdalayırlar. Biz bir millət olaraq öz millətimizə, öz şəxsiyyətimizə, öz dəyərlərimizə hörmət etmiriksə, heç bir kəs və ya millət bizə hörmət etməyəcək. Heç biz bunu gözləməməliyik də.
Mənbə: modern.az