Azərbaycanlılar niyə teatra getmir?

Azərbaycanlılar niyə teatra getmir?

Biz öyrəşmişik ki, bir az bərkə-boşa düşəndə xalqı günahkar çıxaraq.
Kitab satılmır - günahkar oxucudur. Teatrlar boş qalıb - günahkar tamaşaçıdır. Ciddi musiqinin dinləyicisi yoxdur - günahkar yenə xalqdır. Heç kim bu sadaladıqlarımızın daha dərin səbəbləri üzərində düşünmür. Heç kim özünə sual vermək istəmir: məgər cəmi 20 il əvvələdək bu ölkədə kitablar 100-200 min tirajla satılmırdımı? Opera və Balet Teatrının kassaları önündə uzun-uzadı növbələr yaranmırdımı? İnsanlar üçün ən gözəl və mənalı istirahət teatrlara getmək deyildimi? Birdən-birə nə baş verdi ki, xalq mədəniyyətdən bu qədər uzaq düşdü?

Məsələn, gəlin görək bu gün azərbaycanlılar axı niyə teatra getməlidir? Sizi bilmirəm, üç-dörd il əvvələdək mən Azərbaycan teatrlarında heç bir tamaşanın premyerasını qaçırmazdım. Doğrudur, o vaxt qəzetlərin birində mədəniyyət yazarı kimi çalışırdım, elə teatrlara tez-tez getməyimin səbəbi də daha çox işimlə bağlı idi. Amma hər halda Azərbaycan teatrlarının hər biri haqqında təsəvvürə malik olmaq üçün bu, yaxşı fürsət idi.

Tamaşalar bitirdi və mən böyük bir peşimançılıq hissi ilə geri - redaksiyaya qayıdırdım. Peşəkarlığı - rejissor və aktyor işini bir kənara qoyuram. Adamı dəhşətə gətirən səhnələşdirilən əsərlərin məzmunudur. Əksəriyyəti günümüzün reallıqlarının min ağac uzaqlığında olan bu tamaşalar mənasız fəlsəfəçiliklə, saxta və düşük sentimentallıqla doludur. Heç bir ictimai yük daşımayan, sosial sifarişə tabe olmayan belə tamaşalara insanlar niyə gəlməlidir axı? Bir halda ki, Azərbaycan teatrı Azərbaycan cəmiyyətindən yerlə göy qədər uzaq düşüb, zalların boş qalmasına görə yalnız xalqı qınamaq, xalqı asıb-kəsmək nə qədər insaflı və nə qədər məntiqlidir, əziz dostlar?

Təsəvvür edin: cəmiyyətin böyük hissəsi ən kiçik məişət problemlərinin cəngində çabalayır, ictimai və sosial qayğılar xirtdəyəcən yığılıb, ətrafımızda qalın-qalın romanların mövzusu ola biləcək çirkinliklər yaşanır, sizsə «indeyski» filmləri xatırladan tamaşalar hazırlayırsınız. Üstəlik, insanları o tamaşalara gəlməyə səsləyirsiniz. Bundan gülməli nə ola bilər?

Xalq onun həyatına, hisslərinə, üzbəüz qaldığı acı gerçəklərə işıq tutmayan kitabı oxumadığı, filmi seyr etmədiyi kimi, tamaşanı da boykot etməkdə haqlı deyilmi? Sizcə, məsələn, çölün ortasında selləmə yağışın altında qalan insan, türkün sözü, «neyi merak etməlidir»: növbəti hava proqnozunu, yoxsa Əslinin düymələrinin niyə açılmadığını? Ya da təsəvvür edin ki, tufanlı havada gəmi sizi bilmədiyiniz bir istiqamətə aparır, siz isə o anlarda bir kompasınızın olmasından çox, «Qurdlar vadisi»nin növbəti seriyasında nələrin baş verəcəyini düşünürsünüz? Absurddumu? Əlbəttə, absurddur.

Bax, bugünki Azərbaycan teatrı həmin absurdun canlandığı bir məkan rolunu oynamaqdadır. Reallığın tamamilə dəfn olunduğu, həyat gerçəklərinin fövqünə çıxmış bir ünvana çevrilib Azərbaycan teatrı.

Və biriləri bütün bu həngamədən sonra tamaşaçı qıtlığından şikayətlənirsə, mənim artıq heç bir sözüm qalmır. Bəylər, siz hələ zəhmət çəkin buludların üstündən düşün, reallığa, həyata dönün, ondan sonra baxarıq azərbaycanlılar tamaşalara getməməkdə, teatrları Allah ümidinə buraxmaqda günahkardır, ya yox?

Həmçinin oxu: Kitabxanalarımız niyə boşdur?

Elnur Astanbəyli
Mənbə: http://www.milli.az/news/society/2746.html

Top