Bizim Başkəsən kəndində, dərənin bax o dibində uçuq bir daxma vardı. O daxmada kəndin sevimlisi Abır müəllimlə Həya xanım yaşayırdılar. Bir-birinə dərin sevgilərlə bağlıydılar. Qoşa gəzib-dolanardılar. Kəndin kamil adamları bu xoşbəxt cütlüyə Abır-Həya adı vermişdilər. Nə isə, gözəl və xoşbəxt ailəydi. Ailənin bir oğlu, bir də qızı vardı. Uşaqlar yetkinlik yaşına çatar-çatmaz Başkəsənin başçısı Zamanı dəyişib yerinə Hürriyyət bəyi qoydular.
Zaman dəyişəndən Abır müəllimlə Həya xanımın qara günləri başladı. Yox, təzə başçının bu qoşa qanadla heç bir işi yoxuydu. Nə abır tanıyırdı, nə də həya. Üzünü qərbə tutub qəribə işlər görürdü. Çox çəkmədi ki, yerli komitənin təzə tərkibi kənddə islahatlar aparmağa başladı. Özü də bu islahatlar elə sürətlə gedirdi ki, günün birində kənddə adamların yarısı yuxudan varlı, yarısı da kasıb düşdü. Varlılar özlərinə şərait və kommersiya qururdu, pul qırırdı, katibə axtarırdı, kasıb düşənlər isə küsüb gedirdi başçının baxdığı yerə. Tezliklə Başkəsənin adını dəyişdirib Göydələn qoydular. Abır müəllimlə Həya xanım baxıb gördülər ki Göydələndə yaşaya bilməyəcəklər, havası çox ağırdı. Uşaqlar da artıq məktəbi bitirmişdilər. Ona görə də daxmanı dəyər-dəyməzinə satıb övladlarını yerbəyer elədilər. Özləri isə həmən gecə qeybə çəkildilər... O gedən oldular. Hara getdilər, bilən olmadı. Kimsəsiz oğul və qız qaldı göydə ləngər vuran Göydələndə.
O vaxtdan düz 20 il keçib, amma Abır müəllimlə Həya xanımın qeybə səyahəti bitmir. Nə bu birindən bir səs-soraq var, nə də o birindən. Uşaqlar da artıq həmən uşaqlar deyil. Boyüyüblər. Böyüyə-böyüyə Abırsız-Həyasız qalıblar bu boyda kənddə. Oğlan oxuyurdu. Qız da oxuyurdu. Biri dərs oxuyurdu, biri mahnı. Dolanışıq çətin oldu, neyləsinlər. Oxuya-oxuya biri ali məktəbə girdi, o biri televizora. Qardaşın günü qaraydı,bacınınkı ağ. Qardaş təhsil haqqını ödəyə bilmirdi. Dərdini bacısına da deyə bilmirdi. Küsüb gedənlərə qoşulub qeybə çəkilməyə hazırlaşırdı, bacısı agah olub qoymadı. Ölməmişəm, dedi. Onsuz da Abrımız da gedib, Həyamız da. Səbrin olsun, getsən, özümü öldürrəm. Bacı bunu deyib ağlaya-ağlaya Dubaya gedib-gəlməyə başladı.Ürəyinizə başqa şey gəlməsin, qız nədənsə, gülə-gülə qayıdırdı. Qardaş da yavaş-yavaş dirçəlirdi, ayılırdı. Qazancı-qazanca calayırdı. Düşündü ki, dünyada özünə ən əziz hesab elədiyi Abır yox-Həya yox. Bu Göydələndə bacımdan bir özgə kimim var? Ona görə də can-dildən çalışırdı. Ağır günlərin əvəzini çıxmaq üçün əlinə düşəni yığıb-yumrulayıb sandığa atırdı. Sandıq dolduqca, Abır müəllim və Həya xanım yaddaşın arxivində itirdi. Tezliklə hər ikisi unuduldu. Fındıq boyda ümidlər kənək qoza dönüb yerə töküldü.İçindən yeni dövrün yenilməz gəncliyi çıxdı. Oğlan bu gəncliyin simasıydı.Ömründə görmədiyi günə çıxmışdı. Gözlərindəki aclığın acısını sürüşkən Dubay çörəyi şirinləşdirmişdi. Sağ olsun, itirmədi, bacısının məsləhətilə onun yaxın rəfiqələrindən birini alıb Dubayxan oldu. Bacı isə ingilis biznesmeni ilə intim izdivacı rəsmiləşdirdikdən dərhal sonra soyadı ilə bir yerdə Dingilisləşdi. Pul göz qabağında sel kimi axırdı, axdıqca dost-tanış gətirirdi. Baxıb köks ötürənlər də ingilisləşməyə başlayırdılar.Kütləvi hüllütləşmə, şəxsi həyatlardakı köklü dəyişikliklər Göydələn göbələklərinin aşağı göbək qapılarını dünyanın üzünə laybalay açdı. Dünya bu kəndə baxıb bir az utandı, Avropaya şükr elədi.
Bir gün Dubayxan müəllimə məsul vəzifə təklif olundu. O da məmnuniyyətlə qəbul edib təkliflə hesablaşdı, sonra da məmurlaşdı. Bacısı Dingilis şou aləminin tanınmış ulduzuna çevrildi. Bir neçə ilin içində xalq artisti adını qazandı. Artıq bütün Göydələnin körpə qızları bələyə qoyulan gündən onu öz həyat idealı hesab edirlər. Kənd olub idealxana. Bacı-qardaş o qədər məşhurlaşıblar ki, indi biri daşıdığı ada, digəri isə oturduğu kresloya sığışmır. Kağız üzərində yeni partiya yaradıblar. Adını da qoyublar Arnamus.Partiyanın proqramı o birilərinkinə bənzəmir. Orada yazılıb ki, Abır müəllimlə Həya xanımın qeybdən zühuru Arnamus partiyasının hakimiyyətə gəlişini təmin edəcək. İndi hamı oturub intizarla gözləyir. Gözlərdə isə iblis gülür. Bu qeyrət sizlik deyil, deyir. Yanaqlar yaşla bədirlənib. Kəndin kişiləri arvadlara qoşulub intizar içində gülə-gülə ağlayır.
Əvvəllər ağlamazdılar...
Mənbə: Gündəlik Bakı qəzeti