Bənövşə - bəndə düşə

Bənövşə - bəndə düşə

Bənövşə — bəndə düşə,
Sizdən bizə kim düşə?...

Bu uşaq oyununu uşaqkən hər kəs oynamasa da oyunda deyilən ilk bəndi əminəm ki, hər kəs ən az bir dəfə eşidib və bilir. Uşaqkən bu oyunun mahiyyətinə varmaq ağlımdan da keçməyib. Sadə uşaq oyunu kimi qəbul edib, 2 hissəyə ayrılmış dəstələrin bir-birinin əllərindən tutub səf quraraq üzbəüz dayandığı insan zəncirindən bir uşağın adı çəkildikdən sonra ayrılıb, sürətlə qaçaraq o biri dəstənin zəncir kimi birləşən əllərini qırmağa çalışdığı güc oyunu kimi anlamışam həmişə.
Bəlkə də düşünəcəysiz ki, elə belədir də. Başqa nə məna axtarırsan ki, adi uşaq oyununda?
Mən də sizin kimi düşünürdüm. Ta ki, dünən təsadüfən «Azərbaycanfilm»in istehsalı olan "Xoşbəxtlik qayğıları«nın finalının bu uşaq oyunuyla sonlandığına baxana qədər. Sən demə, adi bildiyimiz bu uşaq oyunu bizə çox şey anladırmış...

Aranızda bu filmə baxanlar varsa, bilər. Baxmayanlara isə tövsiyyə edərdim ki, baxsınlar. Həmişə Hollivud filmlərini reklam edib, interpretasiya etməyəcəyik ki. Bizim də baxılası maraqlı, mənalı filmlərimiz var. Elə bu film kimi.



Əvvəlcə film haqqında qısa məlumat verim. Film insan xoşbəxtliyinin, ailə səadətin maddi nemətlər üzərində qurulmamasından, hər şeyin maddiyyatla ölçülməməsindən bəhs edir. 5 qızı və bir oğlu olan Rüxsarə ananın həyata baxışı bir az fərqlidir. Oxudub, boya-başa çatdırdığı qızlarının evlilik yaşına çatdığında onların quracağı gələcək ailə qayğıları ananı narahat edir. Hər dəfə qonşularda qızların təmtəraqla, çoxlu cer-cehizlə gəlin köçməsini görən ana bu imkanı öz qızlarına verə bilməməsinin nigarançılığını çəkir. Ananın da arzusu qızlarını eynilə belə, cer-cehizlə, necə deyərlər, „dədə-baba“ qaydasıyla ər evinə yola salmaqdır. Oğlu — qızlarına ata əvəzi saydığı İbrahim anası kimi düşünməsə də, ailə səadətini verilən cehizlə, mebellə ölçülməsində görməsə də anasının xətrinə dəymək istəmir. Onun arzusunun həyata keçməsi naminə, (zavodda yüksək dərəcəli ustadır) işindən əlavə əlindən gəldiyi və gəlmədiyi qədər, hətta bacarmadığı işə girişərək başqalarının bağında, qonşuluqda yerləşən avtomobil təmiri sexində işləyib, bacılarına cehiz pulu qazanmağa çalışır. Bacılar isə nə ana, nə də qardaşları kimi düşünmürlər. Onlara görə sevgi, ailə xoşbəxtliyi heç bir maddi nemətlə ölçülmür. Sevdiyin insanla anlaşa bilmək, əl-ələ verib xoşbəxt həyatın təməlini qoymaq nə təmtəraqlı toy keçirmək, nə özünü borca-xərcə salıb cehiz alıb, aparmaqla deyil. Qızlar, əsas da Gülxar dəfələrlə bu fikrini anasına, qardaşına bildirsə də, xeyri olmur. Nəhayət, o, öz etirazını evi tərk edərək bildirir. Qardaşı İbrahim onu axtarıb, tapandan sonra qardaşının fikrinin dəyişdiyini görən Gülxar evə qayıdır. 

Filmin 2 yerində: bir əvvəli, bir də finalında həyətdə, yazımın əvvəlində adını çəkdiyim həmən uşaq oyunu göstərilir. İlk oyun səhnəsində uşaq zənciri qıra bilməsə də, son səhnə — filmin finalı uşağın bu zənciri qırması ilə tamamlanır.

Rejissorun, ümumiyyətlə, filmin çatdırmaq istədiyi mesajı yəqin ki, anladınız.
Film 1976-cı ildə çəkilib. Üstündən 40 il keçməsinə baxmayaraq hələ də bu günümüzlə səsləşir, hələ də öz aktuallığın qoruyub saxlayır. „Dədə-baba qaydası“ dediyimiz, mentalitet bildiyimiz, əslində köhnəlmiş və bizləri incidən, içdən yeyib-bitirən bu adət-ənənələrimizə qarşı hələ də aciz davranırıq. O nə deyər, bu nə fikirləşər düşüncəsiylə özünü sıxan gənclər və ya ailələr imkan yetmədiyi halda borca düşüb, banklardan kredit çəkib toy-düyün, nişan, xonça, qır-qızıl, təmtəraqlı cer-cehiz vermək dərdiylə özlərini elə çətinliyə salırlar ki, toydan sonra da bunun stresindən aylarla çıxa bilmirlər. Bu da istər-istəməz ailədaxili gərginliklərə, mənasız münaqişələrə yol açır, yeni qurulmuş ailənin kövrək fundamentinə sızan su kimi, elə ilk gündən ailənin təməl daşlarını laxlatmağa başlayır.

Lokal, sanki heç köhnəlməyəcək, əksinə, getdikcə artan bəzi mental problemlər o oyundakı tək, qarşımızı kəsən insan zənciri kimi səfə düzülüb. Oyunda zənciri qırmağın mükafatı bir nəfəri qazanmaqdır. Eləcə də bizi əzən, həyat tərzimizə çevrilən, nəsildən-nəsilə keçən bu, mənasız qaydaları, vərdişləri qırmaq da yeni, rahat bir adətin təməlini qoya bilmək qazancı verəcək bizlərə.
Gücümüz yetsə, mənəviyyatımıza hakim kəsilən mənasız adət-ənənələr zəncirini qıra bilsək qazancımız çox olacaq. Yox, əgər bacarmasaq, elə o oyunda deyildiyi kimi, özümüz bu sadaladıqlarımızın əsiri olacağıq.

Bənövşə — bəndə düşə,
Sizdən bizə kim düşə?
Bizim zənciri qırsan,
Bir nəfər apararsan.
Əgər qıra bilməsən,
Özün əsir olarsan.

Bu film insanların özlərinin yaratdıqları çətinliklərin, lazımsız adətlərin istənilən halda öhdəsindən gəlməsinə və yeni normaların yarana bilməsinə verdiyi gözəl ismarıçdı. Mesajı anlasaq da tətbiqi üçün passiv fəaliyyət mövqeyində dururuq təəssüf ki. Axı biz mənasız adət-ənənələrə kor-koranə sadiq qalan xələflərik.

P.S Yeri gəlmişkən, bu gün toyu olan, evlənən bütün gəncləri təbrik edir, onlara əsl ailə səadəti, xoşbəxt həyat, bir-birini anlaya bilən, qarşılaşdıqları çətinliklərin öhdəsindən birlikdə gəlməyi bacaran güc və bu gücü yaradacaq böyük sevgi arzulayıram!
Top