Çörəyi ver çörəkçiyə...

Çörəyi ver çörəkçiyə...

Bizim millətin xarakterinə xas «gözəl» bir xüsusiyyəti var. Bu haqda bir dəfə yazmışdım, amma heyif ki, o məqaləmi silmişəm. Təəssüflər olsun ki, o zaman yazdığım fikirlərimlə bu günə qədər gəlib çatdığımız zaman kəsiyində dəyişən heç bir şey yoxdu. Onda da yazdığım kimi, biz hər hansı bir sahə, sənət, peşə haqqında çüzi məlumata malik olsaq da, haqqında çox bilən, böyük təcrübə sahibi olan «ağıllı insan», o sahənin dahisi, yüksək bacarığa sahib biri kimi yekə-yekə danışan, məsləhət verən millətik. Uşağından tutmuş böyüyünə kimi bu mərəzə tutulmuşuq. Harda, necə danışacağımızı bilməyən, ancaq bunun əksini iddia edən, danışmaq xətrinə danışan kütləyik. Ağzımızdan çıxan kəlmənin, əlimizdən çıxan yazının informasiyanın sürətlə yayıldığı internet dünyasında yaşadığımız zamanda bu gözəl fürsəti lehimizə yox, əleyhimizə çevirərək mənsub olduğumuz xalqın, millətin kökünü baltalamaq «istedadımız» heç bir millətdə yoxdur. Əllaməlik, əzbərçiliklə məşğul olmaq, boş mühakimə yürütmək bacarığımız bir-birimizə çoxdan bəllidir. İynəni saplayıb, yırtıq-yamağımızı tikməyi bacarırıqsa, bunu az qala dərziliyi, bir az da o yana getsək, modelliyi bacarmaq qabiliyyətinə, ələ fırça alıb evimizin divarını rəngləyib və ya su kranını dəyişməyi bacarırıqsa, bunu memarlıq, arxitektura qabiliyyətimizin var olmasına kimi bağlayan bir toplumuq.

Son günlərdə Azərbaycanda baş verən siyasi hadislərdən Allah razı olsun ki, bəzi işəyaramaz, üzünə baxılmayan, unudulmaqda olan saytların və  insanların danışmağa mövzusu tapıldı. Bu müddət ərzində bilmişəm ki, sən demə, bizim xalqımızın 99%-i anadangəlmə peşəkar hərbi bacarığa, analitik təhlilə — müharibə gedərkən onu müstəqil və anında anailiz etmə xarakterinə malik millət imiş. Maşallah və bərəkallah! Belə insanları olan dövlətin arxası yerə dəyər, basılarmı?! Əsla!


Üzvü olmamaqdan peşman olmadığım, amma orijinal saytında fəaliyyət göstərdiyimçün baxmağı özümə borc bildiyim kayzen.az-ın fb səhifəsindəki son status, eləcə də başqa sayt və səhifələrdə barmağı klaviş tutan hər kəsin öz qıt ağıllarıyla son zamanlarda ölkəmizin daxilində baş verən siyasi və hərbi gedişata münasibət bildirib, bu işin mütəxəssislərinə monitor arxasından məsləhət vermələri yuxarıda yazdığım fikirlərimi bir daha yazıya köçürməmə səbəb oldu.


Əgər 1941-1945 müharibəsi zamanı olsaydı Kayzen.az-ın fb səhifəsindəki son status tipli yazı və ya çıxışa görə o admini ya güllələyər, ya da Sibirə sürgün edərdilər. Nə yaxşı ki,  o zamanlar nə internet, nə də ağlına gələni yazıb, paylaşıb düşmən dəyirmanına su tökən insanlar olmayıb. Onda heç bir müharibədə qələbə əldə etmək olmazdı.


Bir az oxumuş, ağlı, savadı və anlayışı olan insan dünyada və öz ölkəsində gedən siyasi hadisələrdə böyük və kiçik dövlətlərin rolun, siyasi gedişlərin hansı məcrada axdığını gözəl bilir — müharibələrin kimə sərf etdiyini, hansı regionda necə mövqe tutmaqlarından tutmuş, öz xeyirlərinə kimi.
Və bunu da bilirik ki, indiki zamanda gedən müharibələrdə dövlətlər bir-birinə müharibə meydanından əvvəl mətbuatla, dünya arenasında apardığı siyasətlə, informasiya müharibəsində qalib qəlmək istəyir. Belə bir vaxtda hansı «ağıllı» insan öz ölkəsinin əleyhinə yazılar yazıb, antitəbliğat aparar? Hələ bilir ki, onun yazdığını düşmən tərəf göydə qapıb, üzərinə 5-in də qoyub öz lehinə çevirəcək. Lap bu xəbər doğru, real olsun. Fərq etməz.
Müharibə gedən şəraitdə əgər öz ölkənin xeyrinə heç bir şey edə bilmirsənsə, ziyanına da bir şey etmə. Sakitcə sus, otur! Mümkünsə özün də, səhifən də belə zamanda apatiya halına keçsin. Bu tip fəaliyyətindənsə fəaliyyətsizliyinin üzvlərinə də, səni oxuyanlara da sərfəlidir.
Gözəl atalar sözümüz var: çörəyi ver çörəkçiyə, birini də üstəlik. Sizin statusda yazılan xəbərdarlıq tipli yazınıza yəqin ki, nazir Zakir Həsənovun ehtiyacı yoxdur. Bizlər, bir peşəkar kimi və içində olduğu hər bir hadisənin ən xırda təfərrüatına, detalına kimi bilib, anlayan birindən heç də çox bilə bilmərik. Eləcə də siz bu məslələrdə Zakir Həsənovdan çox bilə bilməzsiz. Hər peşəni, sənəti onun sənətkarının, mütəxəssisinin öhdəsinə buraxın, xalqımın əziz «qayğıkeş insanları».
Belə həssas zamanda isə sizlərə və bizlərə, doğru qəbul edilib, onu həyata keçirən milli ordumuzun arxasında möhkəm birləşib, onları dəstəkləmək düşər, məsləhət vermək yox, hörmətli kayzen.az fb səhifəsi admin(lər)i!
Top