Bizim cəmiyyətimizin uğur göstərə bilməməsinin səbəbi, qadınlarımıza qarşı göstərdiyimiz laqeydlik və qüsurlardan doğur. Atatürk
Bu günlərdə hansı sosial şəbəkəni açıramsa gözümə dəyən əsas yazıların qayəsində qadın-kişi münasibətli yazılar görürəm. Sanki biri digərinə qadının kişidən və yaxud kişinin qadından daha ağıllı olduğunu sübut etmək istəyir. Bu mövzuda yazmaq rahatdırmı? Yoxsa heç bir dəlil-sübuta, fakta əsaslanmadığı üçün, şəxsi fikrin, subyektiv düşüncənin məhsulu olduğundan az müzakirə olunacağı qənaətindənmi bu tip yazılar çoxalıb, bilmirəm. Bir onu bilirəm ki, bəzi qondarma «qələmşünaslara», adının qarşısında «yazıçı» sözünü oxuduqda aldığı həzzdən stuluna yayxanan bu tiplərə qadını aşağılamaqla ağıllarına gələni yazmaq çox rahatdır.
Qadın deyillər axı. Və onlarçün nə ailələrində, nə yaxınlarında müqəddəs bildiyi, təmiz gördüyü xanımları yoxdur. Ya da var, amma o xanımlar da elə öz yazdıqları təhqiredici sözlərə layiq olanlardı. Onlardan ilhamlanıb yazıblar yəqin. Biri qadının cahilliyini, digəri qeyri-müsəlman millətinin xanımları kimi azaddüşüncəli, geniş dünyagörüşlü olmamasın dilə gətirir. Hətta təhqiredici fikirlərdən də çəkinmədən istifadə edib onu qul, səviyyəsiz məxluqat adlandırırlar.
O yazıları oxuduqca adamın beynində ilk bu fikir formalıaşır: bu yazını yazmağa onları vadar edən nədir?! Kişini qadından üstün göstərərək, qadına qarşı aqressiyanı içlərində qidalandıran hansı quyruq acısı, hansı yanğı, hansı mənəvi yaradır? Analarımı atalarına xəyanət edib, yoxsa arvadlarımı özlərinə? Bəlkə bacıları Azərbaycan xanımlığına uymayan hərəkət sahibi olublar?.. Belə temaların insanın içində yaranıb, ərsəyə gəlməsinə başqa heç bir ad verə bilmirəm.
İnsanın dünyası əvvəlcə göz açdığı evdən başlayır. İlk tərbiyəni də, sevgini də, şəfqəti də, acını da, zülmü də, nankorluğu da, mehribanlığı da, bir sözlə, hər şeyin yaxşısın və pisin onu əhatə edən cəmiyyətdən qabaq evində görür. Qadın eyni zamanda anadır. Ana hər birimizçün paklıq, təmizlik simvoludur. Kim anasına «səviyyəsiz məxluqat» deyə bilər? Alçaldıcı formada «tükəzbanlar» deyə bilər? Lap o ana cahil, savadsız, bilgisiz olsun. O sözü anaya deməyə dil necə gələr?..
Pafosla demirəm bu sözləri. Öz anamı gözümün önündə tutuban deyirəm: mənə can verən, ilk sevgini, düzgün tərbiyəni, insanlığı aşılayan qadına sevgi və hörmətdən başqa içimdə başqa duyğu olmayıb mənim. Savadsız ola bilər, amma övladlarına qarşı insani davranışlar, təhsilli və savadlı olması üçün verdiyi dəstək, düzgün əxlaq və tərbiyə, çəkdiyi zəhmət onu bizim gözümüzdə müqəddəsləşdirən amillər olub. Yaxşını görüb yaxşı düşünmüşəmsə, deməli, pis yazıb təhqiredici söz deyən «yazar» da ailəsində və onu əhatə edən mühitdə təhqir və səviyyəsizliyi görüb, yazıb. Başqa heç nə ola bilməz.
Bu gün cəmiyyətimizdə hər cür mənfur insana da rast gəlmək olar, insan kimi insana da. Kişisindən, qadınından asılı olmadan — yaxşı da var, pis də. Əgər bu gün cəmiyyət mənfi özəlliklərlə doludursa, bunu orda yaşayan xanımların üzərinə yıxmaqla özlərinə təsəlli verən kişilərin kişiliyindən şübhə edərəm. Bir dəfə də demişdim, Azərbaycan kişisi qadınına nə cür münasibət göstərirsə, mütləq onun əks-təsirin də görür. Və görəcək. Aynada yansıyan obyekt kimi.
Əlbəttə, o yazıların içində razılaşdığım, haqq verdiyim məqamlar da var. Demirəm elə qadın yoxdur, bu gün pulu olduğu halda savadını deyil, sərvətini artırmağı düşünür. İmkanı olduqca kitab oxuyub ağlını, beynini qidalandırmaq əvəzinə, səyahətə çıxıb dünyagörüşünü, mədəniyyətini, ədəb və etiket qaydalarını, xoş rəftarını, nəzakət və incəliyi özünə aşılamaq yerinə gününü alış-verişə, dedi-qoduya, mənasız işlərə sərf edir. Var belə qadınlar. Amma… Eyni zamanda belə kişilərimiz də var. Bunu da deyək.
Məqaləmin əvvəlində Atatürkün söylədiyi fikri nahaq yerə yazmamışam. Bir cəmiyyətdə nöqsan varsa, inkişaf yoxdursa, bu, o cəmiyyətdə yaşayan həm qadının, həm kişinin uğursuzluğundandır. Sanki bizim millətin kişiləri gecə-gündüz elmlə, yaradıcılıqla məşğul olub, yüksək intellekt sahibidirlər də, qadınlarda bu cəhətləri görməyəndə onu yıxıb-sürüyürlər. Türklərin bir məsəli var, «nabza görə şerbet vermek». Gözəl məsəldir. Yəni, layiq olduğuna görə davranmaq. Bu millətin xanımı kişisiylə onun rəftarına, ona olan münasibətinə görə davranır desəm, yanılmaram.
Kişi nə cür mədəniyyət, etika, nəzakət, intellekt sahibi olsa, bu funksiyaları əvvəlcə evdə xanımına, qızına aşılayacaq mütləq. Yüksək mədəniyyətli, kübar, anlayışlı bir qadının ilham qaynağı bu gözəl xüsusiyyətləri, özəllikləri özündə daşıyan evindəki kişi olmalıdır. Ətri evdə üzərinə səpib çölə çıxsan, əvvəl ev, sonra getdiyin yerdə ətrafındakılar o ətirin xoş rahiyəsindən nəsibin alar. Gül toxumunu torpağa əkdikdən sonra onun qayğısına necə qalacaqsansa, qulluğunda durduğun kimi də bəhrəsini görəcəksən. Əvvəl öz bağının qayğısını çək, abadlaşdır, ondan sonra bütün cəmiyyət çiçəklənəcək.
Əgər bu gün bir evdə kişi qadına şiddət göstərib, oxumağa və ya işləməyə qoymursa, o qadından daha nə gözləyirsən? Əsrlədir cahil qadınlarımıza «fatmalar, tükəzbanlar» dedilər. Onu təhqir edib, gülüş hədəfinə çevirən kişilərimiz bir demədi ki, bu qadın mənim əlimdədir axı. Onu qul edən, kəniz kimi görən, insan kimi davranmayan, aldadan da mənəm, gülüb ələ salan da.
Bir dəfə həmsöhbət olduğum kişilərdən biri qadınların yamanlığından, fitnə-fəsadlığından danışıb, sonuncu cümləsini belə bitirdi: İmam Həsənə (ə) zəhər verən qadın olmadımı? Allah rəva bilsəydi 124 min peyğəmbərdən birini də qadın yaradardı da. Dedim, İmam Həsənə (ə) zəhər vermək o qadının nə işinə yarayırdı görəsən? O qadını öyrədib, zəhərlə İmam Həsənin (ə) üstünə göndərən, onun ölümündə öz şəxsi ambisiyaların güdən, mövqeyinə göz dikən kim idi? Kişi deyildimi? Sadəcə, bu hadisədə kişi qadından maşa kimi istifadə edib.
Dünyada yaranan bütün müharibələrin fitnə-fəsad planlarının, qırğınların, genosidlərin təməlində, arxasında kişilər durmayıbmı? Bu gün ölkəni diri-diri yeyən, prezidentindən adi məmuruna kimi xalqın qanını zəli kimi soran, gözü doymayan, rüşvətin, bürokratiyanın toxumun səpən şərəfsiz kişlər deyilmi? Qadına şiddət tətbiq edən, təcavüz, xəyanət edən, ən xanım-xatınına da küçədə gedərkən sataşan bəzi nadürüst kişilər deyilmi?..
Safruhun belə bir sözü var: «Hər qadının həyasızlığı bir kişinin qeyrətsizliyindən xəbər verir.»
Qadınları top atəşinə tutan ağzıgöyçək kişilər! Odur ki, harda özünüzə yaraşmayan, bəyənmədiyiniz, nəzakətsiz bir qadın görürsünüzsə, bilin ki, o qadın öz həmcinsinizin "əsəridir".
«Kişi olan yerdə zibil olmaz, yüngüllük olmaz, həyasızlıq olmaz… Harda bunlar varsa, orda kişi yoxdur.» Bunu da Safruh deyib.
Qadınlar cəmiyyətdə özünü bir apara bilmirsə, kişilər bu cəhətdə onlardan beş qat artıqdı. Qadınlar savadsızlığa, oxumamağa meyllidirlərsə, kişilər onlardan iki qat ardıqdı. (Bu arada, savad, ali təhsil almaq hələ cəmiyyətə, ətraf aləmə layiqli insan olmaq deyil. Hər ali təhsilli insan — qadın və ya kişi, fərqi yoxdur, alicənablığı, mənəviyyatı, toleranltlığı, ləyaqəti özündə ehtiva etmir.) Yazırıqsa hamısından yazaq. Birini deyib, birini saxlamayaq.
Kişi qadına hörmətlə yanaşsa, xoş münasibət göstərsə, onda görmək istədiyi yüksək mənəvi dəyərləri meydana çıxarmaq üçün imkan yaratsa, bunun qarşılığını da görəcək. Mütləq görəcək. Yalnız öz eqonuzu oxşamaq xətrinə yox, hərtərəfli qadının qayğısına qalın ki, sabahı gün bunun xoş bəhrəsini görə biləsiz. Həm evinizdə, həm yaşadığınız ölkədə.