Problem bəllidir: istiqamətin doğru seçilməməsi. Elə isə, həll yolu da aydındır: istiqaməti düzgün müəyyənləşdirmək...
Bu gün yaşadığımız cəmiyyətdə illər boyu əldə etdiyimiz dəyərlər ayaq altına alınmağa başlayır, düşüncə tərzləri dəyişir, milli mədəniyyətə xor baxılır, insanlar təhqir olunur, böyüyə hörmət, kiçiyə sevgi azalır, davranışlar bayağılaşır, insanlara güvən sarsılır, niyyətlər qaranlıqlaşır, ümidlər pessimistləşir...
Bu tendensiyanın səbəbləri müxtəlif amillərlə izah olunur. Ancaq ən böyük səbəb kimi insanların öz istiqamətlərini itirmələri göstərilir. Doğru tərəfə yön almayan insan çox şeyi, başlıcası isə insanlığını itirdi, insan olduğunu unutdu, insani keyfiyyətlərdən uzaqlaşdı…
Bundan daha qorxulusu bilirsinizmi nədir? İnsan yanlış yolda olduğu halda, doğru yolda olduğunu zənn edir. Ona görə də yönünü dəyişdirməyi ağlından belə keçirmir. Bu istiqamətdə hədəfə çatmaq mümkün deyil, əlbəttə.
Bu insan aldandıqca aldanır, zədələndikcə zədələnir, yuvarlandıqca yuvarlanır. Belə insanların sayı artdıqca isə bütövlükdə cəmiyyət ağır yaralar alır. Belə cəmiyyətlərdə əyləncə ən mühüm məşğuliyyətə çevrilir, “bəşəriyyətə faydalılıq“ əmsalı xeyli dərəcədə düşür, hətta sıfır olur.
Təbii ki, tarixi inkişafın əvvəlki mərhələlərində də enişlər olub. Ancaq bu enişlər indiki qədər dərin, əhatəli və təhlükəli olmayıb. Çünki indi ayrı-ayrı insanlar deyil, bütövlükdə bəşəriyyət enişə doğru gedir. Sanki indi xüsusi bir qrup bəşəriyyəti insanlıqdan uzaqlaşdırmaq, onu mənəvi məhvə sürükləmək üçün xüsusi planlar hazırlayır və bu planları bütün detalları ilə icra etməyə çalışır. Texnika və texnologiya sürətlə inkişaf etsə də, sanki əldə edilən nailiyyətlər mənəviyyatın, inancların, ülvi duyğuların qatilinə çevrilir...
Elə isə, bu yanlış istiqamət nədən ibarət idi? Əvvəla, insanların maddiyyata hərislikləri artdı. Hər addımda maddi mənfəət axtaran insan üçün mənəvi zənginliklərin dəyəri qalmadı. İnsan mənəviyyatı ayrı-ayrı yad ideologiyalarda axtardı. Ona görə də kommunizmdə ateistləşdi, kapitalizmdə vəhşiləşdi. Nəticə etibarı ilə daha da mənəviyyatsızlaşdı. Mə nəvi boşluqlarını maddi qazanclarla doldurmaq istədi. Ancaq bütün bunlar hamısı mənasız idi, mənəvi boşluqları maddiyyatla doldurmaq əsla mümkün deyildi.
Mənbə: Zaman qəzeti