İngilis alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, hər birimizin evindəki soyuducu, əslində, insan orqanizmi üçün çox ciddi təhlükə mənbəyidir.
Soyuducunun buzluğu ilə yanaşı, hər rəfində salmonella, listeriya və s. kimi təhlükəli 8 min bakteriya növü tapılıb.
Məlumata görə, İngiltərədəki Avropa Mikrobiologiya Mərkəzinin professoru Pol MakDonnelin başçılıq etdiyi qrup 30 ailənin evindəki soyuducuları laboratoriyalarda testlərdən keçiriblər.
Onlar soyuducuların meyvə-tərəvəz saxlanan rəflərinin hər kvadrat santimetrində 8 min adda bakteriya aşkarlayıblar. Həmin bakteriyalar arasında listeriya da var.
«Soyuducunun funksiyası ərzaq və meyvə-tərəvəzi təhlükəsiz şəraitdə saxlamaq, bakteriyaların yaranma ehtimalını minimuma endirməkdir.
Lakin soyuducudakı meyvə-tərəvəz orada 24 saat saxlanandan sonra bakteriyalar yayılmağa başlayır. Soyuducu sürəkli təmizlənərsə, bakteriyaların yayılmasının qarşısı alınacaq. Amma onlar tamamən yox olmayacaq», — MakDonnel bildirib.
Professorun sözlərinə görə, meyvə-tərəvəzi soyuducuda ayrı-ayrı, ağzıbağlı qablarda saxlamaq, yeməkdən əvvəl isə limonlu və ya sirkəli suda yumaq gərəkdir.