Zibillikləri və çörəyi qoruyaq:
Bəzən elə hadisələr, elə obyektlər, elə söhbətlər, bir sözlə elə düşüklüklər görürsən ki,bunları yazmasan ürəyin partlayar, tez qocalarsan. Aşağıda sizə təqdim edəcəyim şəkil bir çox düşüklükləri açıq-aşkar göstərir. Aşağıdakı şəkildə milli elementlərlə yanaşı müasir qərb mədəniyyətinin də simvolu əks olunub. Adətən zibilliklərə (gözə görünməyən, gözdəniraq yerlərin çoxu), hasarların ətrafına və s. kimi yerlərə “bura zibil atanın...(dudddd), ay hansısa heyvan və digər dəhşətli ifadələr həkk olunur. Aşağıdakı şəkil müasir məhlələrdən birində çəkilib.
Həqiqətən inkişaf var, görünür kimsə zibilliklərdən kənara mütəmadi şəkildə zibilin atıldığını görüb, bezib, insani bir addım atıb, fikirləşib ki, heç olmasa zibillikləri təmiz saxlayaq. Həm də görünür mental düşüncəni dərindən bilən bir şəxs olub. Anlayıb ki, parklarda, küçələrdə, gözdəniraq yerlərdə belə işarələri və ya əlyazmaları yerləşdirdikdə bomba oğlanlar fərqlənmək, qayda-qanuna məhəl qoymamaq (el arasında vorzakon), bir sözlə bu ideyalarla bütün düşüklükləri son dərəcə mükəmməl şəkildə həyata keçirəcəklər. Bir növ qadağandır işarəsini yerləşdirən şəxs bu işarəni qoymaqla ətraf ərazilərdən zibilin zibilliklərə necə cəlb olunması metodunu tapıb. Bu şəkildə müasir dövrlə qədim dövrün sintezini görə bilərik, misal üçün zibil qablarının təkərləri (qədim at arabasında olduğu kimi).
Keçək şəkildə qeyd olunmuş əlyazmaya: adətən belə qeydlərə türk liseylərinin yeməkxanalarında daha çox rast gəlinir. Mən çox fikirləşdim, amma tapa bilmədim ki, bu əlyazmanı yazan bununla çörəyə qənaət etməyi düşünüb, yoxsa çörəyə hörmət etdiyini ifadə etmək istəyib. Sonra dərindən düşündükdən sonra belə qərara gəldim ki, yəqin bu əlyazma hər gün çörəyi tapdalamaq istəməyən zibilyığanlar tərəfindən yazılıb. Ola bilsin ki, onlar da bunu çörəyə hörmətdən deyil, çörəyin əl-ayaqlarına ilişməməsi xatirinə yazıblar. Həqiqətən hansı niyyətlə yazılıbsa da, axırı inkişaf var. Çörək zibilliklərdə göz bəbəyi kimi qorunur. Çörəyi və zibillikləri qoruyun! Qənaət edin, axı çörək bol olsa basılmaz vətən.