Nazlı Nəcəfova 1890-cı ildə Naxçıvanda doğulmuş, qardaşı polkovnik Yusif bəy Tahirovun himayəsi altında Bakı müsəlman qadınlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Bu məktəbdə ona Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlər dərs demişlər. 8 il təhsil aldıqdan sonra Nazlı İrəvana, ailəsinin yanına qayıdır.
O zamanlar Nazlının ailəsi İrəvanda yaşayırdı. İrəvana gəlməzdən əvvəl Nazlı Cəlil Məmmədquluzadə ilə görüşür. Cəlilin ideyaları onun dünya görüşünə güclü təsir göstərir və o, İrəvanda oğlan məktəbinin nəzdində müsəlman qızları üçün ayrıca sinif açdırmağa nail olur.
1912-ci ildə Tahirovlar ailəsi Naxçıvana qayıdır və Nazlı
yeni açılmış kiçik bir qızlar məktəbində dərs deməyə başlayır. İlk öncə o, məktəbdə müəllimə, daha sonralar isə pedaqoji məktəbdə direktor vəzifəsində çalışmışdır. Məktəbin fəaliyyəti şəhərin bir çox dindar əhalisi arasında neqativ reaksiyaya səbəb olur. Bu səbəbdən də Nazlı məvacibinin yarısından çoxunu mühafizəçilərə xərcləməli olur.
Sonralar Qəzənfər Musabəyovun bacısının və məktəb rəfiqəsi olan
Ayna Sultanovanın köməkliyi ilə Nazlı Naxçıvanda müəllim hazırlığı kursu, Ordubadda isə qızlar məktəbinin açılmasına nail olur.
1917-ci ilin oktyabrında Rəşid bəy Əfəndiyev qızlar məktəbinin direktoru olunca, Nazlı və o dövrün gənc rejissoru olan Rza Təhmasib həmin məktəbin nəzdində qızlar üçün dram dərnəyi açırlar.
1921-ci ildə avara dəstələr Nazlını öldürmək üçün onun evinə hücum edirlər. Xoşbəxtlikdən həmin vaxt Nazlı Azərbaycan Müəllimlərinin Birinci Qurultayında iştirak etdiyindən evdə olmur. Elə həmin ildə Nazlı Naxçıvanda ilk dəfə qızlar üçün özfəaliyyət teatr dərnəyi açır.
1937-ci ildə həmişə Nazlıya maarifçilik işlərində köməklik göstərən həyat yoldaşı Nəcəfqulu Nəcəfovu həbs edirlər. Nazlını isə xalq düşməninin həyat yoldaşı kimi Qazaxıstana sürgün edirlər. Orada ailəsini dolandırmaq üçün Nazlı həm müəllimlik edir, həm də fəhlə briqadasında çalışır.
1947-ci ildə Nazlı Nəcəfova Azərbaycana qayıdır, Göyçayda Azərbaycan və rus dili dərsləri tədris etməyə başlayır. Sonralar isə öz pedaqoji fəaliyyətini Naxçıvanda davam etdirir və 1977-ci ildə dünyasını dəyişir.
Mənbə: Azens.az