Hollivud nəinki Amerikanın, həm də dünyanın kino mərkəzi hesab olunur. Burda istehsal olunan filmlər öz yaradıcılarına milyardlarla dollar gəlir gətirir. Filmlərdə yer alan aktyorlar isə bütün dünyada tanınan ulduzlara çevrilir. Bəs bu ulduzlara aktyor oyunlarına görə nə qədər qonorar verilir?
10. Culiya Roberts — 25 milyon dollar
Siyahıdakı yeganə qadın aktrisa olan Culiya Roberts 2003-cü ildə aktyor karyerasının zirvəsində idi. Məhz bu səbəbdən 2003-cü ildə ekranlara çıxan ekranlar çıxan “Mono Lizanın Təbəssümü” filmindəki baş rol ifasına görə aktrisaya 25 milyon dollar qonorar ödənilir.
Produserlər Culiya Robertsi baş rolda görməyi o qədər istəyirdilər ki, filmin 65 milyon dollarlıq büdcəsinin 40%-ni aktrisaya ödəniləcək qonorara ayırdılar. Filmin Culiya Robertsin canlandırdığı feminist qadın Ketrin Enn Uotson dərs dediyi universitetdəki qızlara cinsi bərabərliyə nail olmaği və ailə səbəblərindən dolayı karyeralarından imtina etməməyi təlqin eləyir. Böyük ümidlər bəslənsə də, “Mono Lizanın Təbəssümü” kinosensasiyaya çevrilmir və 140 milyon dollar vəsait toplayır.
9. Uill Smit – 28 milyon dollar
Əgər Culiya Roberts ən yüksək qonorar təklif edilən qadın aktrisa idisə, Uill Smiti bu mənada ən bahalı qaradərili aktyor hesab etmək olar. 2004-cü ildə premyerası olan “Mən, Robotam” filmi məşhur amerikalı yazıçı-fantast Ayzek Azimovun eyniadlı hekayələr toplusuna əsaslanırdı. Filmdə robotlarla insanların birgə yaşadığı uzaq cəmiyyətdə detektiv Del Spunerin (Uill Smit) araşdırmasından bəhs edir. Baş qəhrəman robotların üsyan qaldıraraq xoşməramla olsa belə, insanların azadlıqlarını əlindən alması üçün hazırladıqları planın izinə düşür. 120 milyon büdcəyə malik əsər dünya prokatında 347,2 milyon dollar vəsait toplayaraq yaradıcılarına maliyyə uğuru gətirir və afroamerikalı Smitin Hollivud Olimpindəki mövqelərini bərkidir.
8. Robert Dauni Kiçik – 50 milyon dollar
“Dəmir Adam” trilogiyası ilə Hollivudun ən bahalı aktyorlarından birinə çevrilən Robert Dauni əksər Amerika komiks qəhrəmanlarının yer aldığı “İntiqamçılar” filmində yenidən fövqəlgücə malik Toni Stark roluna qayıdır. Bunun üçün “İntiqamçılar”ın prodüserləri 50 milyon dollardan keçməli olurlar. Filmin süjet xəttinə gəlincə fövqəl qəhrəmanlar onlardan birinin – skandinav Allahı Torun qardaşı Lokinin dünyanı məhv etmək planlarına mane olmağa çalışırlar. Coss Uidonun rejissorluq etdiyi 220 milyon dollarlıq film bütün komiks qəhrəmanlarını bir yerə cəmlədiyinə görə tamaşaçıların səxavəti sayəsində 1 milyard 511,157 milyon dollar əldə edir. Bu göstərici sayəsinə “İntiqamçılar” ən çox pul toplayan filmlər sırasında “Avatar” və “Titanik” filmlərindən sonra 3-cü pilədə cəmləşib.
7. Tom Henks – 51 milyon dollar
Siyahının 7-ci pilləsində qərarlaşan 2 dəfə “Oskar” laureatı Tom Henks yazıçı Den Braunun dünya bestsellerinə çevrilən “Mələklər və Şeytanlar” romanının qəhrəmanı professor Robert Lenqdonun obrazını növbəti dəfə canlandırdığına görə belə yüksək qonorar əldə edir. Filmdə bədii əsərdə olduğu kimi, Katolik məzhəbli din xadimlərinə qarşı sərt iddialar irəli sürdüyünə görə rəsmi Vatikan filmin nümayişinə qarşı çıxır. Bu isə öz növbəsində film üçün əlavə reklama səbəb olur və dünya üzrə 150 milyonluq büdcəyə çəkilən “Mələklər və Şeytanlar” 485,9 milyon dollar vəsait toplayır. Xatırladaq ki, Robert Lenqdonun sərgüzəştlərindən bəhs edən ilk filmə -“Da Vinçi Kodu”na görə aktyor 18 milyon dollar qonorar alıb. Yaxın 2 il ərzində Den Braunun bu mövzuda yazdığı “İtirilmiş Simvol” romanının da tezliklə ekranlaşdırılması gözlənilir. Robert Lenqdon rolunun əvəzsiz ifaçısı Tom Henks üçün bu layihə bir filmə görə verilən qonorar rekordunu təzələmək üçün əla fürsət olacaq.
6. Adam Sendler – 55 milyon dolar
Amerika kinokomediyalarının ulduzu Adam Sendler 2008-ci ildə çəkildiyi “Zohanla zarafat etməyin” komediyası üçün bu janrda aktyora veriləcək ən böyük qonorara sahib oldu. Uzun illərdir ki, davam edən Ərəb-Yəhudi qarşıdurmasına “qara yumor”la zəngin ironik filmdə toxunan aktyor xidmətlərinə görə 55 milyon dollarla mükafatlandırılır. “Zohanla Zarafat Etməyin”də İsrail Xüsusi Xidmət orqanlarının əməkdaşı olan Zohan Dvir (Adam Sendler) terrorla mübarizədən bezərək Amerikaya köçməsi və burada təsadüfən ərəb terrorçusunun bacısına aşiq olmasından bəhs edir. Reallıqda pozitivlikdən qat-qat uzaq olan münaqişəyə yumorla yanaşma tamaşaçıların xoşuna gəlir. Buna görə 90 milyon dollar büdcəyə malik film dünya üzrə 199,9 milyon dollar gəlir gətirir.
5. Conni Depp – 56 milyon dollar
Daha çox müəllif filmlərində çəkilən aktyor Conni Depp 2003-cü ilin kommersiya baxımından uğurlu “Karib Dənizinin Quldurları” filmi ilə bir anda milyonların kumirinə çevrildi. Sonradan daha üç hissəsi çəkilən populyar filmdə harizmatik dəniz qulduru Cek Sərçə rolu dünyadan ən çox tanınan kino obrazlardan biri oldu. Populyar kino silsiləsinin 4-cü hissəsində populyar obrazına qayıtmaq üçün aktyorun 56 milyon dollar tələbi icra olunur. Cek Sərçə (Conni Depp) bu dəfə ölümsüzlük dərmanın axtarışına çıxır. Bu yolda o, özü kimi dəniz qulduru olan Anjelika (Penelopa Kruz) üzləşir. “Karib Dənizinin Quldurları: Qəribə Sahillərdə” yaradıcılarına 1 milyard 43,870 milyon dollar gəlir gətirdi. Xatırladaq ki, filmin ümumi büdcəsi 250 milyon dollar təşkil edib. 2016-cı ildə silsilənin 5-ci hissəsinin premyera tarixi anons edilib. Artıq indidən aydındır ki, Conni Depp onsuz təsəvvür olunmayan filmdə Cek Sərçəni yenidən canlandırmaq üçün daha çox qonorar tələb edəcək.
4.Leonardo Di Kaprio – 59 milyon dollar
2010-cu ildə dünyanın ən perspektivli və kommersiya baxımından uğurlu rejissorlarından olan Kristofer Nolanın “Başlanğıc” elmi-fantastik trileri ekranlara çıxır. Filmdə qabaqcıl texnologiyalardan istifadə edərək önəmli şəxslərin yuxuları vasitəsilə şüuraltına təsir göstərən və sənaye kəşfiyyatı ilə məşğul olan peşəkar oğru dəstəsinin fəaliyyətindən bəhs olunur. Dəstənin başında dayanan Dominik Kobb (Leonardo Di Kaprio) əməliyyatlara rəhbərlik etməklə yanaşı, həm də şəxsi həyatı ilə əlaqəli xatirələrdən xilas olmağa çalışır. Dərin psixoloji nüansları olan Kobb obrazına görə 37 yaşlı aktyor 59 milyon dollar qonorar əldə edərək siyahımızın 4-cü pilləsində qərarlaşıb. Ümumiyyətlə isə 160 milyon dollarlıq büdcəsinin 1/3-ni Di Kaprionun qonorarı təşkil edən film dünya prokatında 825 milyon dollar əldə etdi. Amerika Kino Akademiyasının 2010-cu il üzrə keçirilən “Oskar” kino mərasimində filmə 4 nominasiyada (“Ən Yaxşı Operator İşi”, “Ən Yaxşı Səs”, “Ən yaxşı Səs Montajı və “Ən Yaxşı Vizual Effektlər”) qalib elan etməsi isə filmin həm tamaşaçı, həm də kino tənqidçilər tərəfindən müsbət qarşılandığını göstərdi.
3.Harrison Ford – 65 milyon dolar
İlk dəfə rejissorlar Corc Lukas və Stiven Spilberq tərəfindən yaradılan arxeoloq İndiana Cons obrazı müasir kino mədəniyyətinin bir hissəsidir. İlk dəfə 1981-ci ildə ekranlara çıxan “İndiana Cons: İtirilmiş Gəmi Axtarışında” filmi baş rol ifaçısı Harrison Fordun kinodakı vizit kartı olur. Rejissor Stiven Spilberqlə birlikdə Ford 1984, 1989-cu illərdə öz sevimli obrazına qayıdır. Bundan sonra isə 19 il davam edən fasilə başlayır. 2008-ci ildə köhnə duel ortaqları Spilberq-Ford xeyli yaşlaşmış İndiana Consun səyahətlərindən bəhs edən “İndiana Cons və Kristal Kələ” filmi ilə tamaşaçıların görüşünə gəlir. Soyuq müharibə dövründə cərəyan edən hadisələr zamanı arxeoloq bu dəfə əfsanəvi KristaL Kələni tapmaq üçün Sovet kəşfiyyatına yardım etməyə məcur edilir. Həmişəki kimi sınaqdan “üzüağ” çıxan İndiana Cons obrazına görə Harrison Ford 65 milyon dollarlıq rekord kapital əldə edir. Silsilənin əvvəlki hissələrin bədiilik baxımından uduzmasına baxmayaraq 19 ildən sonra fanatlarının görüşünə gəldiyinə görə 185 milyon dollarlıq “İndiana Cons və Kristal Kələ” dünya kinoteatrlarındakı nümayişlərdən 786,636 milyon dollar maliyyə toplayır.
2.Conni Depp – 77 milyon dollar
1865-ci ildə ingilis yazıçısı Lyuis Kerol uşaqlar üçün yazdığı “Alisa Möcüzələr Diyarında” nağılı Qərb ölkələrində çox populyardır. 2010-cu ildə bədbin mövzularla və kinoda tətbiq etdiyi innovasiyalarla populyar olan rejissor Tim Berton nağıl əsasında film ekranlaşdırır. Alisanın (Mia Vsikovska) möcüzəli ölkədə qarşısına çıxan ən ekstravaqant personajlardan olan “Dəlisov Papaqçı”nı yaratmağı rejissor tez-tez əməkdaşlıq etdiyi aktyor Conni Deppə həvalə edir. Yeni ampluada özünü doğruldan aktyor zəhmətinin qarşılığında o zamana qədər görünməmiş 77 milyon dolar qonorar əldə edir. Məhz buna görə də reytinq siyahımızda 2 dəfə yer alıb. Onu da qeyd etmək yerinə düşər ki, 1 milyard 29,291 milyon dolar gəlir əldə edən film üçün 200 milyon dolar xərc çəkilmişdi.
1.Keanu Rivz – 156 milyon dollar
1999-cu ildə amerikalı Vaçovski qardaşlarının “Matritsa” filmi ekranlara çıxır. Filmin əsas süjet xətti insanların şüurunu özlərinə tabe edən şüurlu robotlara qarşı mübarizə təşkil edir. İnsanlar üçün xüsusi olaraq yaradılan virtual aləmi reallıq kimi təlqin etməyə qarşı çalışan robotlar Neo (Keanu Rivz) adlı gəncin rəhbərlik etdiyi qrupla üzləşməli olur. 63 milyonluq büdcəsindən 7 qat artıq gəlir toplayan filmin daha iki hissəsi çəkilir. 2003-cü ildə qısa fasilələrlə bir-birinin ardınca ekranlar çıxan “Matritsa: Yenidən Yüklənmə” və “Matritsa: İnqilab”nda Neo obrazını yenidən canlandırmaq üçün Keanu Rivz 30 milyon dolar qonorar əldə etsə də, filmin nümayişindən gələn faizlərlə ümumilikdə 166 milyon dolar qazanaraq reytinq siyahımızın zirvəsində qərarlaşıb.
Mənbə: Vüqar İsmayılov